YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı ordumuzun qüdrətini bir daha nümayiş etdirdi

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

2020-ci ilin 10 dekabrında ölkəmizdə keçirilən parad Azərbaycanın tarixində ən əhəmiyyətli səhifə, ən parlaq nümunədir. Xalqımız bu qələbə paradını uzun illərdir gözləyirdi. Bu, bizim torpaqların azadlığı, ərazi bütövlüyünün bərpasının paradıdır. Bu minlərlə insanın öz ata-baba yurduna qayıdışının, arzularının, xəyallarının gerçəkləşməsidir. Bizi parada gətirən Vətən müharibəsi xalqımızın böyüklüyünü, qürurunu qaytardı, digər ölkələr, dövlətlər içərisində öz torpaqlarını işğaldan azad edə bilən bir xalq, dövlət kimi dünyaya tanıtdı, dövlətimizin nüfuzu daha da artdı.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir. Zəfər paradı ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha nümayiş etdirdi.

Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.

Zəfər paradı dünyaya bir mesaj verdi. Bütün dünya artıq başa düşdü ki, Azərbaycan tərəfi qalib tərəfdir. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Zəfər paradında düşməndən əldə olunmuş qənimətlər, düşmənin məhv edilmiş hərbi texnikası nümayiş olundu. Bütün bunların hamısı bizim qalibiyyətimizin, zəfərimizin göstəricisi idi. Bu günə qədər bir çox paradlarımız olub. Amma Zəfər paradı tarixə qızıl hərflərlə yazıldı. İlk dəfə idi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Ordusu Zəfər paradı keçirirdi. Azadlıq meydanında müxtəlif dövrlərdə keçirilən paradlardan fərqli olaraq bu dəfə Azərbaycan ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak etdi. Bunun əhəmiyyəti həddindən artıq çoxdur.