YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eyni fikirləri və davranışları sərgiləyib fərqli nəticələr gözləmək Əli Əliyevin düçar olduğu çarəsizlik sindromunun əlamətidir

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədri

Bu günlərdə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Əliyar Şirməmmədovun partiya üzvlüyündən istefası və bunun səbəbləri ilə bağlı açıqlaması qarşıma çıxdı. Açıqlamanı oxuduqca həm gülməli, həm də kədərli məqamlara rast gəldim. Gülməli idi, ona görə ki, bir partiyanın rəhbərliyində təmsil olunan şəxsin 30 ildir siyasi fikir bölüşdüyü rəhbərini diktator kimi görməsi bu partiyanın nə qədər qeyri-peşəkar, qeyri-ciddi bir struktur olduğunu biabırçı çılpaqlıqla ortaya qoyur. Necə ola bilər ki, siyasi məqsəd güdən bir təsisatın idarəetməsi 30 ildir öz kimlikləri ilə bağlı bir fikrə gələ bilməyiblər? 30 il ərzində bir-birini tanımaqdan aciz olmuş insanlar hansı haqla və əsasla xalqda fikir formalaşdırmağa, hansısa siyasi ambisiya güdməyə cəhd edirlər? 30 il nəinki bir partiyanın, xalqların və dövlətlərin belə yaranması, qurulması və yüksəliş yolu keçə bilməsi üçün kifayət qədər yetərli bir vaxtdır. Bunun ən bariz nümunəsi bu gün vahid və yetişkin xalqımızın yaşadığı Azərbaycandır. Amma təəssüflər olsun ki, içimizdə barmaqla sayılacaq qədər olsalar da, özlərini hər bir məqamda və mövzuda öndə görən, əslində isə öz kiçik və aciz çevrələrində belə heç bir dəyərə sahib olmayan VİP və onun Əli Əliyev kimi rəhbəri var. Təbii ki, açıqlama da gülünc bir çox başqa məqamlar da var idi, amma məncə bu bütöv mənzərə üçün yetərli nümunə idi.

Kədərli olan məqam isə bu partiyanın rəhbəri olan Əli Əliyevin öz ən yaxın çevrəsindən, yetişkin həyatının böyük qismini sərf etdiyi yol yoldaşından eşitdiyi təqdimatdır. Öz müavininin dilindən diktatorluqda ittiham olunmaq düşünürəm ki, Ə. Əliyev üçün ən kədərli məqam olmalıdır. Əslində bu şəxsin bugünədək verdiyi açıqlamalarından diktatorluq meyillərini Azərbaycan xalqı həmişə çox rahatlıqla sezib. Əsassız, absurd və yalanlarla dolu açıqlamalardan hər daim həzz alan partiya rəhbərinin eşitdiyi tənqidlərə, ona verilən məsləhətlərə baxmayaraq səhv yolundan dönməməsi onun daxilindən gələn diktatorluğunu açıq şəkildə göstərib. İndi isə 30 illik əqidə yoldaşının dilindən bunların səslənməsi əlavə sübuta ehtiyacı olmayan bu mövzuya öz nöqtəsini qoymuş oldu. Düşünürəm ki, Əli Əliyev buna da bir şans kimi baxa bilər: Bacarmadığı, hər keçən gün daha da çətin və aciz vəziyyətlərə düşdüyü bu fəaliyyətlərinə bir son qoyub özünü yaddaşlarımızdan unutdurmağın şansı kimi.