YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Milli Məclisdə olub

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volter martın 12-də Milli Məclisdə olub.
Əvvəlcə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan-Avropa münasibətlərinin məmnunluq doğurduğunu söyləyib.
Məlumat verilib ki, Azərbaycanda 50-dən artıq siyasi partiya qeydiyyatdan keçib və onlardan 11-i parlamentdə təmsil olunur. Qonağa bu il ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq işləri və siyasi partiyalar arasında mövcud olan dialoq, keçirilən görüşlər haqqında məlumat verilib.
Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan S.Novruzov Ermənistanın konstruktiv mövqe nümayiş etdirdiyini, hər gün cəbhə xəttində ağır silahlardan istifadə edilməklə atəşkəsi 30-35 dəfə pozduğunu diqqətə çatdırıb. O, Azərbaycanın hər zaman sülhün, sabitliyin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə çıxış edən digər partiyaların nümayəndələri Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan qondarma məhkəmə prosesindən danışıblar. Bildirilib ki, saxta məhkəmə oyunu içərisində qəbul edilən “qərarlar” insan hüquqlarının pozulmasının bariz nümunəsidir.
Robert Volter mandatına uyğun olaraq gördüyü işlərdən danışıb. Bildirib ki, bu mandat Ermənistan tərəfinin narazılığına səbəb olub. Belə ki, qurumda təmsil olunan Ermənistan parlamentariləri onunla əməkdaşlıqdan imtina ediblər. Qonaq səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirəcəyini bildirib.
Sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Azərbaycanın Avropa Şurasındakı fəaliyyətindən danışan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizlə bağlı həqiqətlərin Avropaya çatdırılması istiqamətində görülən işləri qeyd edib. Bildirilib ki, 2005-ci ildə Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul olunub və Ermənistan prezidenti öz çıxışında bu sənədi nəzərə almaq fikrində olmadığını söyləyib. Bundan sonra Ermənistan rəhbərliyi və nümayəndə heyəti Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarla bağlı yaradılmış alt komitənin işindən imtina edib.
S.Seyidov təəssüflə bildirib ki, Avropa Şurasında separatçılara, beynəlxalq hüququn pozulmasına obyektiv yanaşma kifayət qədər deyil.
Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan dəqiq yol seçib. Bu yol inkişaf yoludur. Azərbaycan dünyada güclü, demokratik, beynəlxalq proseslərdə öz yeri və rolu olan bir ölkə olmaq siyasətini seçib. Bu inkişaf siyasəti ilə ölkəmiz gec-tez işğal altındakı torpaqlarını geri qaytaracaq.