YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir

Məleykə Ağayeva,

YAP Sabirabad rayon təşkilatının səlahiyyətlərini icra edən

Böyük gücə çevrilmiş birlik, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi iki qardaş ölkə arasındakı münasibətləri daha da möhkəmləndirib.

Hazırda siyasi müstəvidə də Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında olaraq ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərib. Müharibə dövründə Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın beynəlxalq ictimaiyyətə ünvanlanmış sərt ifadələri və hər zaman Azərbaycanın yanında olacağı ilə bağlı qətiyyətli fikirləri Azərbaycana beynəlxalq müstəvidə göstərilən mənəvi dəstək idi.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə siyasi platforma ilə məhdudlaşmır. Bununla yanaşı, hərbi, iqtisadi, sosial, mədəni və digər aspektlər üzrə də geniş əlaqələr mövcuddur. Oktyabrın 26-da Azərbaycan və Türkiyə liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli beynəlxalq hava limanının açılışı mərasimi baş tutub. Türkiyəli və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə inşa olunan hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Açılış zamanı Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın bərpası və oraya yenidən həyatın qayıtması istiqamətindən atılan addımların bariz nümunəsidir.