YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində Röyal Məmmədovun anım günü keçirilib

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının nümayəndələri, şəhidimizin döyüş yoldaşları, 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Vətən müharibəsinin şəhidi Məmmədov Röyal Misil oğlunun anım günündə iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatı “1 nömrəli  tam orta məktəb” ərazi partiya təşkilatının sədr müavini Elnur Novruzov bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər döyüşlərində iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Məmmədov Röyal Misil oğlu olub.

Qeyd edək ki, Şəhid Röyal Məmmədov 12 oktyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib,  2009-cu ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2010-cu ildə hərbi xidmətdən tərxis olunub. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Röyal da könüllü olaraq cəbhəyə yollanır. Qubadlı uğrunda gedən döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə yüksəlir. Vətən oğlu 24 oktyabr  2020-ci  il  tarixdə  Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Röyal Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Şəhid əsgər Röyal Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbirdə çıxış edən iştirak edən qazilər şəhidin döyüşdə göstərdiyi igidliklərdən bəhs ediblər.

Tədbir 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bədii kompozisiya ilə başa çatıb.