YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyənin regionda yaratdığı reallıq sülhün, sabitliyin və inkişafın təminatıdır

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi baxımda mühüm hadisədir. Bu səfər zamanı iki ölkənin əməkdaşlığı və regionun gələcəyinin inkişafı üçün mühüm addımlar atıldı. Füzuli Beynəlxalq Hava limanın açılışını iki ölkə rəhbərlərinin biryerdə etməsi, Qarabağın açarlarının prezidentlərə təqdim olunması rəmzi məna daşıyır. Belə ki, əzəli Azərbaycan torpağı olan Qarabağ həm də türk torpağıdır. Bu torpaqların işğaldan azad olması, Azərbaycanın qələbə qazanması həm də qardaş Türkiyənin qələbəsidir. 

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Vətən Müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. 

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərində tarixi əhəmiyyətli daha bir hadisəyə şahid olduq. Burada Azərbaycan və Türkiyə prezidentlərinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyması ilə həm də Zəngəzur dəhlizinin əsası qoyuldu.

Zəngəzur dəhlizinin bərpasının əhəmiyyəti çox mühümdür. Zəngəzur dəhlizinin önəmi həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan çox vacibdir və Azərbaycanın tarixinin əvəzedilməz parçası olaraq qalır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək. Bundan başqa, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi vasitəsilə Naxçıvanın həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Həmçinin dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

Rəcəb Tayyib Ərdoğanın çıxışında da qeyd etdiyi kimi biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün yox, regiondakı digər dövlətlərin iqtisadi maraqlarının təmin olunmasına təkan verəcək. Burada əsas məsələ  dövlətlərin regionda yaranan yeni reallıqlara uyğun hərəkət etməsdir.

Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olan, qarşılıqlı dəstək verən iki  ölkə  yoxdur. Azərbaycan və Türkiyənin regionda yaratdığı reallıq sülhün, sabitliyin və inkişafın təminatıdır.