YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda şəhid Ülvi Rəfiyevin anım günü qeyd olundu

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin  nümayəndələri Suraxanı rayonundakı Dədə Qorqud şəhidliyində Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək qəhrəmancasına həlak olmuş Ülvi Rəfail oğlu Rəfiyevin şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə bağlı onun məzarını ziyarət etdilər.

Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını  30 il gözlədik. Ermənistan  əzəli ata-baba torpaqlarımızı əbədi olaraq işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun da fərqində idi. Çünki torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı, istənilən yolla bu ərazilərimizi azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdik.

R.Quluyev söylədi ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar: “Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Torpaqlarımızı şəhid Ülvi Rəfiyev kimi qəhrəman Vətən övladlarının qanları, canları bahasına azad etdik.”

R.Quluyev şəhidlərimizə Allahdan rəhmət dilədi, bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı arzuladı. Şəhid Ülvi Rəfiyev kimi qəhrəman övlad böyütdüklərinə görə onun valideynlərinə təşəkkür etdi.

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxışında  qeyd etdi ki, bu gün çox müqəddəs bir məkana toplaşmışıq: “Çünki bu məkanda uyuyan igidlərimiz Azərbaycanın şanlı tarixini yazan qəhrəmanlarımızdır. Bu igidlər hər bir vətəndaşımızın, Azərbaycanı sevən hər kəsin qəlbində əbədi yaşayacaqdır. Bu qəhrəmanlarımız Azərbaycanın 30 illik nisgilinə son qoydular. Onların valideynləri qürur hissi keçirməlidirlər ki, belə qəhrəman övladlar böyüdüblər. Mən Ülvi qardaşımızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı arzu edirəm. Eyni zamanda, bütün şəhid valideynlərinin qarşısında baş əyirəm. Çünki onlar qəhrəman övladlar böyüdüblər. Şəhidlərimiz bizim ən müqəddəs insanlarımızdır. Onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Bu anım günündə bir daha uca səslə bəyan edirik ki, bu insanlar təkcə öz valideynlərinin övladları deyil, bütün Azərbaycan xalqının övladlarıdır.”

V.Rəhimzadə bildirdi ki, bu insanlar möhtəşəm tarix yazıblar: “Onlar ölümün gözünə dik baxaraq işğal altında olan torpaqlarımızı yağı düşməndən təmizlədilər, ərazi bütövlüyümüzü bərqərar ediblər. Zaman keçəçək, bu igidlər haqqında böyük əsərlər yazılacaq, filmlər çəkiləcək. Onlar hər bir Azərbaycan vətəndaşının həyatında müstəsna rol oynayan qəhrəmanlar kimi tarixə qovuşdular. Şəhidlərimiz cismən bizdən ayrılıblar, mənən həmişə bizlə olacaqlar. Sizlərlə birlikdə bu qəhrəmanları daim xatırlayacağıq.”

Tədbirdə Xalq artisti Əli Nur çıxış edərək şəhid Ülvi Rəfiyevin göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi haqqında danışdı, Azərbaycanda şəhidlərə, milli qəhrəmanlara, qazi və şəhid ailələrinə sonsuz ehtiram nümayiş etdirildiyini vurğuladı.

Sonra Əli Nur Vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndirdi.

Anım mərasimində şəhidin babası Qadir Rəfiyev söylədi ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir: “Ülvi kimi igid oğullarımızın sayəsində Vətən torpaqlarımız yağı düşməndən təmizləndi və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Ülvi kimi qəhrəmanlar gənc nəslə örnəkdir. Nəvəmlə fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığımı bildirirəm.”

Vətən müharibəsi şəhidi Ülvi Rəfiyevin ruhuna dualar oxundu, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.

Daha sonra anım mərasimi şəhid Ülvi Rəfiyevin xatirəsinə Xətai rayonunun Ə.Şıxlinski 47 ünvanında – yaşadığı binanın həyətində ucaldılan abidə kompleksinin qarşısında davam etdirildi. Şəhidin abidə kompleksinin qarşısına əklil qoyuldu, tər gül-çiçək dəstələri düzüldü.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsi şəhidi Ülvi Rəfiyev “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.