YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının fəalları şəhid Natiq Baxşəliyevin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru və partiyanın rayon təşkilatının fəalları şəhid Baxşəliyev Natiq Sahil oğlunun ailəsini ziyarət ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Natiqin timsalında şəhidlərimiz adlarını Azərbaycanın şanlı tarixinə yazıblar. B.Nəbiyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Natiq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələrinin daim əziz tutulacağını qeyd edib. Natiq Baxşəliyevin Azərbaycan Texniki Universitetinin məzunu olduğunu deyən Vilayət Vəliyev onun təhsil aldığı müddətdə hər kəsə nümunəvi tələbə olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Baxşəliyev Natiq Sahil oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!