YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik yolunun tarixi diqqətlə öyrənilməlidir

Əli  HÜSEYNLİ,

Milli Məclisin deputatı

Oktyabrin 17-də Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Füzuli rayonuna səfər çərçivəsində Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanında yaradılmış şəraitlə tanış olmuş və bir sıra infrastruktur layihələrinin və obyektlərin təməlqoyma mərasimlərində iştirak etmişlər.

Rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən ölkə rəhbəri Vətən müharibəsi zamanı bu ərazidə gedən hərbi əməliyyatlardan söz açmış, Füzuli şəhərinin işğaldan azad edilməsini müharibənin gedişinə təsir edən böyük hərbi və tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir: “Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi…  Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki…Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi… Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı… Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır…Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi”.

Söz yox ki, bərpa-quruculuq işləri ilə bağlı qarşıda duran vəzifələrin əsas hədəfi insan amili və sakinlərin rifahı ilə bağlıdır. Bu prioritet istiqamət ölkə rəhbərliyinin siyasi kursunu müəyyənləsdirən məqsədlər sırasındadır. “Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq... “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır”.

Ölkə rəhbəri bölgənin gələcək inkişafı ilə bağlı nikbinliyini və əminliyini bölüşərək demişdir: “Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.

Çıxışda Azərbaycanın dövlət müstəqilliyinin tarixi ilə bağlı olduqca vacib tarixi proseslər və siyasi məqamlar yer almışdır. Cənab İlham Əliyev tarixi reallıqların və ədalətin bərqərar olunmasının zəruriliyi baxımından bu günlərdə qəbul edilmiş “Müstəqilliyi Günü haqqında” Azərbaycan Respublikası qanununun böyük əhəmiyyətini qeyd etmişdir: “Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik… 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir. Onu da bildirməliyəm ki, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq… bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir”.

Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun əslində 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda rəsmi bayraq kimi qəbul edilməsindən sonra başlanması ilə bağlı fikirlər təkzibedilməz tarixi faktlara və ciddi arqumentlərə söykənir: “…Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib? …mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

 

DİGƏR Xəbərlər Arxiv