YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək

“44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Ermənilərin hədəflərindən biri də döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə şəhəri idi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əməlləri ilə bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atdı, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozdu. Ötən il oktyabr ayının 4-dən etibarən hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə erməni vandalları tərəfindən davamlı raket atəşinə tutuldu. Gəncəyə atılan raketlər nəticəsində şəhərin infrastukturuna ciddi ziyan dəyib, dinc sakinlər həlak olub və yaralanıb, tarixi abidələr zərər görüb. Oktyabrın 4-də raket atəşi nəticəsində 1 nəfər həlak oldu, zərər çəkənlərin arasında  10 aylıq körpə Zəhra Eyyubova  da var idi.

Oktyabrın 10-da isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə əldə edilən humanitar atəşkəs rejiminin elə ilk dəqiqələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Erməni vandalları 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində daha bir terror törətdilər. Gəncə  Ermənistan ərazisindən “Skad-B” taktiki-əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutuldu. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Həlak olanlar arasında uşaqların və qadınların olması erməni faşizminin mahiyyətini göstərir.

Deputatın sözlərinə görə, miqyası baxımından Gəncəyə ən qanlı və qəddar raket hücumu isə ötən il oktyabrın 17-də gecə saatlarında olub. Oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qaldı. Həmin günlər Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olunub. Bunu həzm edə bilməyən erməni faşistlərinin oktyabrın 17-də Gəncəyə növbəti raket hücumu nəticəsində 15 nəfər həlak olub, 55 nəfər yaralanıb. Onların arasında azyaşlı, yeniyetmə və qadınlar da var idi. Bütövlükdə isə Gəncə əhalisinə qarşı terror nəticəsində 26 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Bu qətliam nəticəsində hər iki valideynini itirən uşaqlar da var. Bununla yanaşı xeyli yaşayış evi və digər mülki obyektlər, tarixi abidələr dağıdılıb, ya da ciddi zərər görüb. Belə ki, “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, , vaxtilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər gördü. Bir sıra məktəblər və körpələr evi, uşaq bağçaları, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəydi.

“Amma belə qanlı əməllər Gəncə əhalisini qətiyyən qorxutmadı. Tarixən qəhrəmanlar şəhəri olan Gəncənin sakinləri Cavad xanın nəvələri olaraq bu dəfə də düşmənin qarşısında mərdliklə dayandılar. Gəncəlilər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun tezliklə işğal altındakı bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə inanırdılar və belə də oldu. Azərbaycan törədilən həmin terror aktlarını - hərbi cinayəti, onun mahiyyətini dövlətimiz dünya ictimaiyyətinə lazımınca təqdim edə bildi. Erməni vəhşiliyinin beynəlxalq mediada işıqlandırılmasına nail olduq. Bütün kanallarla - həm Prezident Administrasiyası, həm XİN, həm Baş Prokurorluq, həm də Milli Məclis xətti ilə bütün diplomatik korpuslara, beynəlxalq təşkilatlara gərəkli informasiyalar çatdırıldı. Dünyanın erməni vəhşiliyi haqqında ətraflı məlumatlandırılması, beynəlxalq mediada Azərbaycan həqiqətlərinin daha çox yayılması baxımından, ciddi addımlar atıldı. Ermənilərin bu terror aktını dünya ictimaiyyətinə çatdırılması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri gördü. Bu itkilər nə qədər ağır, ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilmədi. Həmin günlərdə vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirdilər. İnsanlar Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, Ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirdilər. Əminliklə demək olar ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qaldı, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alındı”,-deyə Pərvin Kərimzadə vurğulayıb.