YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan üçün hərbi, siyasi və tarixi baxımdan xüsusi önəmə malikdir

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü

Düz bir il bundan əvvəl Azərbaycanın son 200 illik tarixində misli görünməmiş Qələbənin əsası qoyuldu. Belə ki, Ermənistan hakimiyyətinin sülh danışıqlarını pozmağa yönəlmiş təxribat xarakterli addımları Azərbaycanın 30 ilə yaxın nümayiş etdirdiyi səbrin tükənməsinə gətirib çıxardı. 2020-ci ilin iyulunda Ermənistanın Tovuz rayonuna qarşı törətdiyi təxribatın qarşısının alınmasından sonra təmas xəttində baş verən hadisələr həmin qəbildən idi. Düşmənin növbəti təxribatı isə sentyabrın 27-də baş verdi. Belə ki, həmin gün səhərdən başlayaraq Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı hücumlara start verdi. Buna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.
27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan üçün hərbi, siyasi və tarixi baxımdan xüsusi önəmə malikdir. Çünki uzun illər münaqişənin sülh yolu həllinə sadiq qalaraq səbir nümayiş etdirən Azərbaycan tərəfi, nəhayət öz gücünü işğalçı düşmənə göstərə bilib. Belə ki, Azərbaycan Ordusu həmin gündən başlayaraq, nəinki Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alıb, eyni zamanda, əks-hücum əməliyyatları həyata keçirərək işğal altındakı torpaqlarımızı azad edib.

Bu məqamda qeyd etmək gərəkdir ki, Vətən müharibəsi zamanı Azərbaycanda nümayiş etdirilən milli birlik və həmrəylik qələbəmizə öz töhfəsini verib, onu tezləşdirib. Belə ki, 2020-ci ilin iyul hadisələrində olduğu kimi, 27 sentyabrında da ölkənin 50 siyasi siyasi partiyası, qeyri-hökumət təşkilatları, cəmiyyətimizin bütün təbəqələri, o cümlədən ziyalılar eyni mövqedən çıxış ediblər. Üstəlik, beynəlxalq aləmə mesaj xarakteri daşıyan bu yekdillik sayəsində Azərbaycan dövləti bütün diplomatik təzyiqləri və müdaxilələri dəf edə bilib.

Eyni zamanda, xalqımızın Azərbaycan dövlətinin, Ali Baş Komandanın və öz ordusunun yanında olmasını nümayiş etdirməsi düşmənin məğlubiyyətini şərtləndirib. Məğlubiyyətlə üzləşən Ermənistan tərəfinin təşəbbüsü ilə humanitar əsaslarla dəfələrlərə atəşkəs əldə olunsa da, işğalçı qoşunlar razılaşmaları pozaraq, azad olunmuş Azərbaycan ərazilərini yenidən işğal etmək üçün mülki əhaliyə və obyektlərə zərbə endiriblər. Təbii ki, düşmənin məkrli niyyəti cavabsız qalmayıb.
Beləliklə, 44 gün ərzindəki fəaliyyəti ilə Ali Baş Komandan birmənalı olaraq sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Xalqına arxalanan Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyət sayəsində son 200 il ərzində ilk dəfə olaraq möhtəşəm Zəfər qazandıq. Azərbaycanın qəhrəman övladlarının, şəhidlərimizin qanı bahasına əldə edilən Qələbə düşməni digər rayonlarımızı da qaytarmağa məcbur etdi. Eyni zamanda, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbəsi dövlətimizin regionun ən müasir və qüdrətli Silahlı Qüvvələrə malik olduğunu bir daha sübut etdi.
Bununla yanaşı, cənab Prezident tərəfindən Vətən müharibəsinin başlandığı 27 sentyabrın Anım Günü, Şuşanın azad edildiyi 8 noyabrın Zəfər Günü kimi qeyd edilməsi və digər məsələlərlə bağlı imzalanan sərəncamlar da Qələbənin əldə edilməsində böyük rəşadət göstərən Azərbaycan övladlarının şücaətinə ehtiramın göstəricisidir. Beləliklə, 27 Sentyabr Anım Gününün təsis olunması və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi qəhrəman Azərbaycan əsgərinin ruhuna duyulan hörmətin əlamətidir. Bu addım bir daha sübut edir ki, Vətən müharibəsində canından keçən şəhidlərimizi Azərbaycan xalqı heç vaxt unutmayacaq!
Bu baxımdan, dövlət başçısı tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesində iştirak edənlərin xidmətlərinin yüksək qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Vətən müharibəsində canından keçən, sağlamlığını itirənlərin hər birinin əməyinə qiymət verilməsi, zərər çəkən bütün şəxslərin qayğı ilə əhatə olunması dövlətin öz vətəndaşının yanında olduğunu bir daha sübut edir. Şəhidlərimizin ailələrinə və qazilərimizə yardım göstərilməsi üçün fond yaradılması, müharibə zamanı həlak olan mülki şəxslərin hamısına şəhid adı verilməsi, qəhrəman hərbçilərimizin göstərdiyi xidmətlərə görə təltif olunmaları da bu qəbildəndir.
Sözsüz ki, Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər diplomatik sahədə də dövlətimizin uğurlarını şərtləndirib. 30 ildən sonra öz torpaqlarını mənfur düşməndən azad edən Azərbaycan qətiyyətli siyasəti ilə regionda yeni reallıq yaradıb. Regonda Azərbaycan dövlətinin əhəmiyyəti daha da artıb və ölkəmizə daim siyasi dəstək göstərən qardaş Türkiyə bölgədə aktiv rolu ilə seçilir. Bu baxımdan, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası, eyni zamanda, qardaş Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edəcək “Zəngəzur dəhlizi”nin açılması məsələsi də mühüm önəm kəsb edir.
Növbəti mərhələdə işğaldan azad edilən ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparılması da vacib əhəmiyyət daşıyır. Heç şübhəsiz, dövlətimiz və Azərbaycan xalqı viran edilmiş Qarabağı yenidən dirçəltməyə qadirdir. Bunu son aylarda həyata keçirilən quruculuq işləri də təsdiqləyir. Məğlub ölkəyə gəlincə, Ermənistanın gələcəyi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanan üçtərəfli bəyanatların bütün müddəalarını yerinə yetirməsindən, qonşulara qarşı ərazi iddialarından əl çəkməsindən, Azərbaycan, Türkiyə və digər dövlətlərlə sülh şəraitində yaşamasından asılı olacaq.