YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Şuşa azad edilən zaman məndə bir daxili əminlik vardı ki, atamın ruhu bizimlədir və qəlbən sevinir

Artıq noyabrın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim.

Bu barədə Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Şuşanın azad edilən zaman keçirdiyi hisslərdən və düşüncələrdən danışarkən söyləyib.

“Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı. Əlbəttə, Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident deyib ki, o vaxt hələ tam qələbə yox idi: “Mən fikirləşirdim ki, biz hələ çox iş görməliyik, çünki o vaxt güman edə bilməzdim ki, ertəsi gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən siqnal almamışdıq, əksinə, onlar Şuşanı artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi. Buna görə mən həm də düşünürdüm ki, biz hələ vuruşmalı olacağıq, fikirləşirdim ki, sevinmək vaxtı deyil, indi qalan əraziləri də azad etmək üçün əlimizdən gələni etməliyik. Mən bu barədə düşünürdüm və ayın 8-də axşam biz Silahlı Qüvvələrin noyabrın 9-da nə edəcəyini planlaşdırmışdıq. Noyabrın 9-da biz daha bir neçə çox uğurlu əməliyyat keçirdik. Əslində, Şuşanın azad edilməsi Ermənistan ordusunun, necə deyərlər, belini qırdı, o mənəviyyatca tamamilə sarsılmışdı. Aydın idi ki, biz Şuşanı götürəndən sonra Laçın dəhlizində olduğumuz şəraitdə işğal altında qalan digər ərazilərin taleyi, əslində, həll edilib, bu, sadəcə, zaman tələb edir və necə deyərlər, insanların həyatı nahaq yerə yarımçıq qalır. Lakin görünür Ermənistan tərəfi bunu başa düşmüşdü və gec də olsa belə qərar qəbul etdi. Mən atamın məzarını ziyarət edəndə bu cür hisslər keçirirdim – həm onun, həm tarixin, həm də xalqın qarşısında yerinə yetirilmiş borc hissi”.