YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən müasir qadınlar üçün nümunədir

Cənab Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edildiyi gündən ölkəmizdə ictimai fəaliyyətdə reallaşdırılan işlərə böyük təkan verildi. Mehriban xanım Əliyevanın adı xeyli sayda xeyriyyə və mədəni tədbirlərlə, beynəlxalq idman yarışları ilə və Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq üçün etdiyi inqilabi əməllərlə bir yerdə anılır. Bu baxımdan da o, haqlı olaraq sadəcə Azərbayacanın deyil, dünyanın ən nüfuzlu qadınlarından biri hesab olunur.

Müxtəlif dövlətlərin geosiyasi və iqtisadi maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən dövləti idarə etməyin mürəkkəbliyi aydın məsələdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyeva illər ərzində Azərbaycanın yeni yüksəliş mərhələsinə keçməsində cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışır. Xalqımız Azərbaycanın ictimai və sosial həyatındakı köklü dəyişikliklərin gündəlik həyatda əks olunduğunu görə bilər. Belə ki, onların birgə səyləri ilə əhalinin rifahı yaxşılaşır, əmək haqqı, pensiya və sosial müavinətlər artır. Məhz onların harmonik fəaliyyəti, qətiyyəti, vətənpərvərliyi, ən əsası isə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına bərabər münasibəti ölkəmizi bir çox qələbələrə apardı. Məhz bu multikultural və multietnik dəyərlərə olan ali hörmətin nəticəsidir ki, Vətən müharibəsində insanlarımız “Öldü var, döndü yoxdu” deyərək ölkə başçımızın ətrafında sanki ətdən çəpər yaratdılar. Müharibə dövründə Mehriban xanım Əliyevanın xalqa hər müraciəti insanlarımız tərəfindən müsbət qarşılanır, ölkənin, cəmiyyətin mübarizə əzmini artırmaqla yanaşı, onun psixoloji-mənəvi ruh halına olduqca müsbət təsir edirdi. O, hər bir Azərbaycan oğlunu, əsgərini öz balası saydı, xalqa hər müraciətində hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü bildirdi və dünyaya sülh çağırışları edib, sülh toxumları səpdi. Şəhid anaları ilə görüşdə “Mən bir ana kimi sizin qarşınızda baş əyirəm.” deyən bu ana, bu qadın ismətin, ləyaqətin daşıyıcısı və carçısıdır. Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən şəhidlərə, müharibə veteranlarına, qazilərə, onların ailələrinə  xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutmuşdur. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti vəzifəsini tutan Mehriban xanım Əliyevanın idman sahəsində olan fəaliyyəti və aparıcı rolu ölkədə gənclər arasında sağlam həyat tərzinin təbliğinə əhəmiyyətli töhfə vermişdir. Dünyanın bir çox gənclərinin hökumətlərinə olan inamını itirdikləri və küçələrdə etiraz etdikləri vaxtlarda, Azərbaycanda gənclər hökumətin siyasi inkişafında fəal iştirak edirlər. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, Parisin, Romanın, Vatikanın, Berlinin, Londonun, Varşavanın və digər dünya paytaxtlarında sərgilər, mədəni və digər yüksək səviyyəli tədbirlərə ev sahibliyi edərək Azərbaycanın və onun zəngin ənənələrinin tanıdılmasına əvəzsiz töhfələr vermişdir.

Mehriban xanım Əliyeva mədəniyyət sahəsində ardıcıl və fokuslanmış işlər görür. Xüsusilə, Avropa Parlamentinin qərargahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Fransada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı və müxtəlif şəhərlərdə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin abidələrinin ucaldılması bu fəaliyyətlər arasında xüsusilə vurğulanmalıdır. Uzun müddətdir diqqət mərkəzində olan Azərbaycan, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində mötəbər və nüfuzlu tədbirləri uğurla təşkil edərək, Azərbaycan mədəniyyətini onun hüdudlarından kənarda təbliğ edir.

Mehriban xanım Əliyeva gərgin iş cədvəlinə baxmayaraq, xalqımızın gələcəyi olan uşaqlara geniş zaman vaxt ayırır. Kömək və qayğıya ehtiyacı olan hər kəsə, xüsusilə də əlilliyi olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara xüsusi diqqət yetirir və problemlərinin həllinə kömək edir. 2009 -cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Talassemiya Mərkəzi bu xəstəlikdən əziyyət çəkən uşaqların və onların valideynlərinin ümid ocağına çevrilmişdir. Mehriban Əliyevanın iştirakı ilə fiziki qüsurlu uşaqlar üçün Qayğı Reabilitasiya Mərkəzinin açılışı Azərbaycanın birinci xanımının bu sahəyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

Heydər Əliyev Fondu yarandığı gündən bəri Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə təcavüzü və tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xüsusi önəm vermişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətləri bütün dünyaya çatdırmaq missiyasını öz nəcib çiyinlərinə götürmüş və bu işin öhdəsindən layiqli şəkildə gəlmişdir.

Bu gün dünyada milyonlarla insanın müharibə və münaqişələrdən əziyyət çəkdiyi bir zamanda yaşayırıq. Bu mənfi hadisələr fonunda Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət sayəsində sabitlik və təhlükəsizlik adasına bənzəyir. Azərbaycan həm də həqiqi tolerantlıq nümunəsidir, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün geniş bir platformadır. Məhz bu çoxvektorlu siyasətin həyata keçirilməsində cənab Prezident İlham Əliyevin ən böyük dəstəkçisi Mehriban xanım Əliyevadır. Mehriban Əliyevanın ölkəmizin ictimai və siyasi həyatındakı fəaliyyəti Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirir. Bu, humanizm və nəciblik missiyasıdır. Mehriban Əliyeva təkcə nüfuzlu ictimai-siyasi xadim deyil, həm də yüksək humanist dəyələrə malik bir insandır.

"Keçmişə hörmət et, gələcəyi yarat" məşhur kəlamına sadiq qalaraq Mehriban xanım Əliyeva Azərbaycanın Ümumilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edərək, hər bir azərbaycanlının səsinə səs verir və beləliklə də insanların həqiqi, səmimi və dərin sevgisini qazanır. Bu səbəblərə və danılmaz faktlara görə Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Azərbaycan tarixində əvəzolunmaz mövqe tutur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə 2021-ci ilin 11 fevral tarixində videokonfrans formatında keçirilən tədbirdə bir çox məsələləri özündə ehtiva edən çıxışı olduqca mühüm əhəmiyyət kəsb edir.  Belə ki, bu gün ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərilir. Gender bərabərliyini təşviq etmək üçün əhəmiyyətli işlər görən ilhamverici Azərbaycan qadınları var. Əvvəla, Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən dövlətdir. Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdikdən sonra gender məsələlərilə yaxından məşğul olmaq məqsədilə “Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi” yaradılıb. Hazırda Azərbaycan Parlamentinin spikeri xanımdır, sonuncu çağırılmış parlamentdə qadın deputatların sayı artmışdır. Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. İndiki mərhələdə Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv fəaliyyət göstərib, aparıcı qüvvəyə malik olmaqla cəmiyyətdə nüfuz sahibidir.

Azərbaycan qadınına olan yüksək diqqət, qayğı və onların siyasi və ictmai həyatda fəaliyyətinə yaradılan geniş platforma Azərbaycan dövlətinin, ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın gərgin və məqsədyönlü iş fəaliyyətinin məntiqi nəticəsidir. Məhz bu haqlı səbəblərdən də Mehriban xanım Əliyeva ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən bir çox müasir qadın üçün nümunədir.

Şəbnəm HƏSƏNOVA
Politoloq