YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi qrupun üzvləri ilə görüşüb.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Səməd Seyidov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfərindən, Milli Məclisdəki çıxışından, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən və qarşıya qoyduğu vəzifələrdən danışıb. Əminliklə bildirib ki, iki qardaş ölkənin birgə inkişafı sayəsində daha böyük uğurlar qazanılacaq. Qardaş ölkələrimizin münasibətlərinin möhkəm təməlinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasını, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri xatırladan komitə sədri vurğulayıb ki, 2016-cı il iyulun 15-də törədilən dövlət çevrilişi cəhdi Türkiyənin dövlət müstəqilliyinə qarşı qəsd idi. Azərbaycan xalqı bu cinayəti törədənləri qətiyyətlə pisləyir. S.Seyidov qeyd edib ki, 44 günlük Vətən savaşı və beş il əvvəl Türkiyədə dövlət çevrilişinin qarşısının alınması eyni ruhun təntənəsi olan qəhrəmanlıq dastanlarıdır.

Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni Türkiyənin zəfəri kimi dəyərləndirib. Bildirib ki, Türkiyə ictimaiyyəti hər zaman olduğu kimi, müharibə günlərində də qardaşlıq mövqeyini ortaya qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasındakı tarixi bağları daha da möhkəmləndirdiyini vurğulayan Ş.Ayrım bildirib ki, parlamentlərimiz, eləcə də hakim Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət daşıyır.

Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin regionda yaratdığı yeni vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyənin artan gücünün bölgədə sülh və sabitliyə töhfəsi təhlil olunub. Vurğulanıb ki, qazanılmış Qələbə bizi arxayınlaşdıra bilməz. Bundan sonra daha sıx əməkdaşlıq etməli, birgə mübarizə aparmalı, xüsusilə təhlükə və təhdidləri birlikdə dəf etməliyik.

Qeyd edək ki, Milli Məclisin deputatları Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri iyulun 16-da başa çatacaq.