YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı bundan da artıq Zəfər və Qələbələrə aparacaq

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Bu il Silahlı Qüvvələrin 103 cü ildönümü  Azərbaycan tarixində xüsusi yer alacaq.  Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Ordumuz və bütün xalqınız bu günü  Müzəffər Ordu, qalib bir xalq kimi qeyd etdi.  Bu gün xalqımız öz prezidenti və öz ordusu ilə qürur duyur. Azərbaycan xalqına bu qüruru  Ali Baş Komandan və yenilməz Ordumuz bəxş etdi.  Ordumuz Ermənistan ordusunu tamamilə məhv etdi. Əcgərlərimiz  şəhidlərin, Xocalının qisasını aldı. Ən qürurverici hal idi ki, bu Vətən Müharibəsində bir nəfər də olsun fərarilik etmədi. Əksinə igid əsgərlərimiz şəhid oldu, qazi oldu, amma bir addım da olsa geri çəkilmədi. Ordu və bütün xalq prezidentin ətrafında sıx birləşdi. Hər bir Azərbaycan vətəndaşı prezidentinə inandı və ordusuna güvəndi. Bu birlik,   inam sayəsində biz Zəfər qazandıq.

Prezident cənab İlham Əliyevin iyunun 26 da Silahlı Qüvvələrin yaranma günü  münasibətilə hərbçilərlə görüşü zamanı bu Zəfərə aparan yol haqqında geniş çıxışı oldu. Ölkə başçısının da qeyd etdiyi kimi birinci Qarabağ müharibəsi xalqımız üçün bir milli faciə idi. Ordumuz çox zəif, demək olar ki, başsız idi. İqtisadiyyatımız tamamilə dağıdılmışdır. O vaxt hakimiyyətdə olanların səriştəsizliyi və bəzilərinin satqınlığı nəticəsində torpaqlarımızın  bir hissəsi işğal olunmuşdur, əhalimizin hər 8 nəfərindən biri qaçqın və məcburi  köçkün vəziyyətinə düşmüşdür.

İkinci Qarabağ müharibəsi isə xalqımızın təntənəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Bu Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqq ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu.  Sirr deyil ki,  son zamanlar dünyada beynəlxalq hüquq demək olar ki,  işləmirdi. Beynəlxalq qurumların, xüsusən də  BMT nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar  icra edilmirdi. Böyük və güclü dövlətlər özlərinə sərf edən qərarların icrasını dərhal yerinə yetirir,  digər kiçik dövlətlər haqqında qəbul edilmiş qərarların icrasına cəhd belə göstərmirdilər. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi, lakin icra etmədiyi qərarları Azərbaycan təkbaşına özü icra etdi. Azərbaycanın bu qətiyyəti digər dövlətlərə də bir örnək olacaq.

Torpaqlarımızın işğaldan azad olunması üçün cənab İlham Əliyev  durmadan çalışırdı. Ölkə başçısının özünün də qeyd etdiyi kimi Qarabağ probleminin həlli onun üçün ən ümdə məsələ idi. İlk növbədə beynəlxalq aləmdə cənab Prezident Azərbaycanın nüfuzunu qaldırdı. Ölkə başçısının siyasəti nəticəsində Azərbaycana dost olan və bizi dəstəkləyən dövlətlərin sayı artdı. Azərbaycan həm siyası,  həm də iqtisadi cəhətdən tam müstəqil güclü bir dövlətə çevrildi. Ermənistan isə hər zaman olduğu kimi  istər siyasi,  istərsə də iqtisadi cəhətdən digər dövlət və xarici lobbilərin təsiri altında müstəqil olmayan bir dövlətdir. Gələcəkdə də belə davam edərsə,  Ermənistan qonşu dövlətlərə qarşı torpaq iddiası siyasətini yürüdərsə bu ölkənin mövcudluğu sual altında qalacaq. Ermənistan hakimiyyətinin və siyasi dairələrinin yeritdiyi bu günkü siyasət buna aparır.

Azərbaycan dövlətinin siyasəti isə hər zaman bütün dövlətlərlə, xüsusən qonşu ölkələrlə sülh, əmin-amanlıq   qonşuluq və bərabərtərəfdaşlıq əlaqələri yaratmaqdır. Bu ulu öndər Heydər Əliyev yolu və siyasətidir. Cənab İlham Əliyev də bu siyasətin  layiqli davamçısı kimi Azərbaycanı bundan da artıq Zəfər və qələbələrə aparacaq.