YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi

“15 İyun Milli Qurtuluş Günündə Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətlərini tənzimləyən Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd tarixi sənəddir. Ümumiyyətlə, sənəddə iqtisadi, siyasi, humanitar, hərbi, informasiya mübadiləsi və digər məsələlər öz əksini tapıb”.

Bu fikirləri “Yeni TV”yə açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu sənədin əsas canı, ürəyi hərbi müttəfiqliklə bağlıdır: “Şuşa Bəyannaməsində qeyd olunur ki, Türkiyə və Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir üçüncü dövlət, yaxud dövlətlər müdaxilə edərsə, bu iki dövlət öz sərhədlərini, ərazi bütövlüyünü qorumaq üçün bir-birinə kömək edəcək. Bəyannamənin əsas canı budur”.

Bəyannamədə Qars müqaviləsinə istinad olunduğunu deyən Ə.Həsənov bildirib ki, 1921-ci ildə, 100 il bundan öncə imzalanmış Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında böyük fərq var: “Qars müqaviləsinin 3-cü əlavəsinə görə, Naxçıvan vilayətinin tam sərhədləri müəyyənləşib. Bu sərhədlər çərçivəsində Naxçıvan Muxtar vilayəti yaradılıb. Əgər torpaqlarımızın işğalı zamanı Ermənistan Naxçıvana hücum etsəydi, Qars müqaviləsi Türkiyəyə hərbi müdaxilə etmək  imkanı verirdi. Şuşa Bəyannaməsi Azərbaycan ərazisinə hər hansı bir hərbi təcavüz olarsa, Türkiyəyə hərbi müdaxilə imkanı, hüququ verir”.

Bəyannamənin Şuşada, məhz iyunun 15-də imzalanmasına gəlincə, YAP Veteranlar Şurasının üzvü deyib: “Ulu öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycanı dövlət olaraq dağılmaqdan, xəritədən silinməkdən xilas etdi. 15 iyunda Şuşada imzalanan Bəyannamə isə Azərbaycana müdaxilə olunmasının qarşısını alan hüquqi bazanı yaratdı. Ermənistan heç bir halda Azərbaycana qarşı hərbi təcavüz edə bilməyəcək. Çünki qarşısında Azərbaycanla yanaşı, hegemon Türkiyə dövləti var. Bəyannamənin Şuşada imzalanması böyük rəmzi məna daşıyır. Azərbaycan və Türkiyə Prezidentləri bu böyük tarixi sənədi imzalamaqla dünyaya mesaj verdilər ki, bura Azərbaycan torpağıdır. Şuşa Azərbaycan şəhəridir”.

Siyasi partiyaların Şuşa Bəyannaməsi ilə əlaqədar yaydığı bəyanata toxunan Ə.Həsənov bildirib ki, əvvəllər ölkədə fəaliyyət göstərən bəzi siyasi partiyalar müəyyən mövcud problemlərdən iqtidar əleyhinə istifadə etməyə çalışırdılar: “Cənab Prezident İlham Əliyev bu problemlərin hər birini həll edib. Onların əlində yeganə bir bəhanə qalmışdı. Bu da torpaqlarımızın işğal altında olması idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi  ilə bu problem də həll olunub. İndi siyasi partiyaların deyiləsi sözü qalmayıb. İki partiyanın bəyanata qoşulmaması isə düşmənçilikdir. Başa düşə bilmirəm ki, hansı əsasla bəyanata imza atmayıblar”.