YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xilaskarlıq missiyası”

İyunun 15-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Milli Qurtuluş Gününə həsr olunmuş ümummilli lider Heydər Əliyevin “Xilaskarlıq missiyası” mövzusunda videokonfrans keçirilib. Videokonfransda YAP Veteranlar Şurasının üzvləri, YAP Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Şamaxı rayon təşkilatlarının Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.  

Tədbirin moderatoru, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə miqyaslı təhlükələrlə üzləşib. YAP Veteranlar Şurasının sədri xüsusi vurğulayıb ki, 1990-cı illərin əvvəli ölkəmiz və xalqımız üçün ən faciəli dövr olub: “Söhbət bizim bir millət kimi varlığımızdan gedirdi. Azərbaycan dövlətçiliyinin dünyanın siyasi xəritəsindən silinməsi, parçalanaraq məhv olması təhlükəsi ilə üzləşmişdi. O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi yaşayırdı.  Tarixinin bu böhranlı məqamında xalq ümidini ulu öndər Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə iyun hadisələri zamanı xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu”.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Milli Qurtuluş Gününün Azərbaycanın tarixində müstəsna rol oynadığını bir daha yada salıb: “Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, nizami ordu yaradıldı. Məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi”.  Arif Rəhimzadə bildirib ki, bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir.

Daha sonra YAP Veteranlar Şurasının üzvü, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək 15 iyunun  sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub”.

Vətən savaşına diqqət çəkən Əhliman Əmiraslanov deyib ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsidir: “Biz qalib xalqıq.  Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olması ilə fəxr edir. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir.”

Xatırladaq ki, videokonfransda YAP Xızı rayon təşkilatından İman Ağayev, Şamaxı rayon təşkilatından Nuranə Məmmədova, Quba rayon təşkilatından Əhməd Bəkirli, Xaçmaz rayon təşkilatından Fərid Musayev və Şabran rayon təşkilatından Fərid Bağırzadə partiyanın Veteranlar Şurasının üzvlərinə suallar ünvanlayıblar.