YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ADA Universitetində YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib

İyunun 8-də ADA Universitetində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib.

Əvvəlcə ADA Universitetinin Tələbə qəbulu və qeydiyyatı şöbəsinin mütəxəssisi Elşad Göyüşov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə tanış edib.

Akt zalında davam edən görüşdə ADA Universitetinin fəaliyyətindən bəhs edən  videoçarx nümayiş olunub. E.Göyüşov bildirib ki, hazırda ADA Universitetində 2560 tələbə təhsil alır: “Müxtəlif ölkələrdən bu ali təhsil ocağında təhsil alan tələbələr burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfələr verirlər. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın aparıcı universitetləri ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar”.

ADA Universitetinin nümayəndəsi qeyd edib ki, təhsil ocağı fəaliyyətə başladığı gündən dərslər ingilis  dilində tədris edilir.

Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələrinin fəaliyyət göstərdiyini,   tələbələrin bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə  diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti, ümumilikdə  19 ixtisas  üzrə təhsil aldığını bildirən mütəxəssis yeni ixtisasların yaradılmasından,  həmçinin bu tanışlığın gələcək üçün perspektivlərindən də bəhs edib. 

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə “Gənclər siyasəti və  iştirakçılıq” mövzusunda  danışaraq bildirdi ki, təhsil hər bir dövlətin gələcəyidir. Gənclərimiz elmin sirlərinə dərindən yiyələnməli, savadlı, bilikli olmalı, öz bilik və bacrıqlarını ölkəmizin inkişafına, tərəqqisinə yönəltməlidirlər.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi gənclərə ictimai-siyasi fəallıqlarını artırmaları üçün geniş imkanlar açdığını bildirən  F.İsmayılzadə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun, eyni zamanda, hazırda  görüşdə iştirak edən bir neçə gəncin məhz ADA Universitetinin məzunları olmasını vurğulayıb.

Gənclərin Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirakı məsələsinə diqqət çəkən F.İsmayılzadə deyib ki, onlar müasir dövrün imkanlardan maksimum istifadə etməlidirlər.

ADA Universitetinin məzunu, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə bu ali təhsil ocağının rəhbərliyinə, bütün kollektivə öz təşəkkürünü bildirib.

Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun müxtəlif ölkələrdən olan tələbələrin təhsil aldığı bu ali təhsil ocağında dəyər və ideologiya işinin hansı prizmadan həyata keçirilməsi ilə bağlı sualını cavablandıran icraçı   prorektor Fariz İsmayılzadə bildirib ki, ADA Universitetində azad mühit mövcuddur: “Fərqli siyasi baxışlar, fərqli dəyərlər ola bilər. Azadlıq olan yerdə inkişaf, tərəqqi vardır. Hər kəsin fikirlərinə hörmətlə yanaşılır. Amma universitetin  fəaliyyətində üç prinsip - bilik, vətənpərvərlik və bacarıq əsasdır. Tələbələr bilikli olmalı, vətənpərvərlik hisslərini müxtəlif istiqamətlərdə təsdiq etməli, bilik və bacarıqlarını  ölkəmizin inkişafına yönəltməlidirlər. Bax, bu amillərin sintezi  ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək”.