YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Los-Ancelesdə onlayn tədbir keçirilib

28 May - Respublika Günü Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ABŞ-ın tanınmış siyasi, ictimai xadimlərinin iştirakı ilə virtual şəkildə qeyd olunub. Sosial şəbəkələr üzərindən yayımlanan tədbirdə ABŞ-ın Qərb ştatlarının siyasi xadimləri, eləcə də nüfuzlu din və icma rəhbərlərinin təbrik mesajları nümayiş etdirilib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, Azərbaycan və ABŞ-ın himnlərinin səsləndirilməsindən sonra çıxış edən baş konsul, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev respublikamızın tarixində çox əlamətdar hadisə olan Cümhuriyyətin yaranması və onun nailiyyətləri haqqında danışıb. O, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın bu gün dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edib. Baş konsul işğal altındakı torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən ötən il azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırıb. Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını vurğulayıb.

Kaliforniya senatoru Coş Nyuman, Arizona senatoru J.D.Mesnard, Yuta senatoru Cin Deyvis, Vaşinqton Senatının keçmiş sədri, ştatın Pirs Vilayət Şurasının üzvü Pəm Rouç, Kaliforniyanın Örvayn şəhərinin meri Farrah Xan və San-Dieqo Şəhər Şurasının sədri Stefen Uitbörn baş konsulluğa göndərdikləri təbrik videomesajlarında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasının ilk demokratik respublikası, qadınlara ilk dəfə səsvermə və seçilmək hüququ verən dövləti olduğunu qeyd edərək, Azərbaycanın bugünkü müstəqil inkişafından, ABŞ-la dostluq və tərəfdaşlıq münasibətlərindən, Kaliforniya və digər Qərb ştatlarının Azərbaycanla əlaqələrinin gündən-günə möhkəmlənməsindən bəhs ediblər.

ABŞ-ın və dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin rəhbəri Deyvid Harris və Los-Ancelesdə yerləşən, 400 min üzvü olan nüfuzlu Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper, Los-Ancelesin ən böyük sinaqoqlarından olan Sinay sinaqoqunun baş ravvini, “Newsweek” jurnalının sorğusuna görə ABŞ-ın ən nüfuzlu ravvini olan Deyvid Uolpe, İran yəhudilərinin dünyadakı ən böyük təşkilatı olan İran Amerika Yəhudiləri Federasiyasının prezidenti Suzan Azizzadə, ABŞ-dakı Asiya icmasının liderlərindən biri, “FACE” təşkilatının rəhbəri Hyepin İm, Xristian Liderləri Konqresinin prezidenti Conni Mur, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman, Kaliforniya Bəhai Şurasının üzvü Randolf Dobs, Pakistan Şurasının sədri Adnan Xan, Amerika Türk Assosiasiyaları Assambleyasının sabiq prezidenti Ergün Kırlıkovalı, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının sədri Kimiya Məmmədova və digərləri baş konsulluğa göndərdikləri videomüraciətlərində Azərbaycanın yüksək tolerantlıq mədəniyyətindən, multikulturalizm ənənələrindən, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə dinc birgəyaşayışından, bu sahədə Azərbaycanın bütün dünyaya nümunə olmasından danışaraq, səmimi təbriklərini çatdırıblar.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondu tərəfindən Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalından “Bayatı Şiraz” muğamının ifası, eləcə də müxtəlif milli azlıqların ifasında səsləndirilmiş musiqi parçaları nümayiş etdirilib. Bundan başqa, Polad Bülbüloğlunun “Aman-aman ayrılıq” mahnısı Kaliforniyada yaşayan tanınmış azərbaycanlı kamança ustası İmamyar Həsənovun ifasında yeni aranjemanda tamaşaçılara təqdim olunub.