YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti bölgədəki reallıqlar barədə məlumatlandırılıb

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov nümayəndə heyətinə bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrası ilə bağlı məsələlər, işğal amilinin aradan qaldırılması nəticəsində beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

C.Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, o cümlədən ölkəmizin “hərbi əsir” statuslu şəxsləri Ermənistana geri qaytardığını, 1600-dək erməni hərbçisinin cəsədinin qarşı tərəfə təhvil verildiyini, habelə kommunikasiya xətlərinin açılması istiqamətində müvafiq danışıqların davam etdirildiyini bildirib. Eyni zamanda, hələ 1991-1994-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşmüş 4000-dək azərbaycanlı ilə bağlı məlumatın bu günədək Ermənistan tərəfindən verilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bölgədə iki dövlətin sərhəd ərazisində baş verən son gərginlikdən bəhs edən nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib. Bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğu vurğulanıb.

Enerji məsələlərinə də toxunan nazir bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən və onların bölgənin inkişafına verdiyi töhfələrdən danışıb. ABŞ-ın Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinə verdiyi davamlı dəstək məmnunluqla qeyd olunub.

Sonra nazir nümayəndə heyətinin suallarını cavablandırıb.

Daha sonra tərəflər ikitərəfli münasibətlər, habelə regional təhlükəsizlik məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.