YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun əsas söz sahibinə çevrilib

“Azərbaycan regionda yeni reallıqlar yaradan ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun əsas söz sahibinə çevrilib. Əgər kimsə düşünürsə ki, Azərbaycanın maraqlarını tapdalayaraq öz geosiyasi ambisiyalarını reallaşdıra biləcək, o, tamamilə yanılır. Regionda marağı olan istənilən ölkə Azərbaycanın yaratmış olduğu yeni reallıqlarla hesablaşmalıdır”. 

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 gün ərzində hərbi yolla erməni işğalına son qoydu, hazırda isə ümumi prosesin siyasi mərhələsi davam etməkdədir və Ermənistanla dövlət sərhəddimizin tam bərpa olunması üçün delimitasiya və demarkasiya işlərinə gərək var: “Azərbaycan bir qarış torpağını da güzəştə getmək niyyətində deyil. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında vaxtilə işğal altında olan bütün torpaqlarımızda suveren hüquqlarımız ən qısa zaman kəsiyində bərpa olunacaq”.

Politoloq bildirib ki, "Qaragöl" qoruğu ətrafında yaşanmış gərginliyin iki əsas səbəbi var: “Birinci səbəb Ermənistan hakimiyyətinin seçkiqabağı daxili auditoriyaya yönəlik niyyətindən qaynaqlanır. Paşinyan seçicilərin diqqətini cəlb etmək üçün öz aləmində "əzələ nümayişi" etməyə çalışır. Amma görünən reallıq ondan xəbər verir ki, Paşinyan bu niyyətinə çata bilmədi. Azərbaycan sərhədçilərinin "Qaragöl" ətrafındakı mövqeyindən bir addım belə geri çəkilməməsi Ermənistan hakimiyyətinin ənənəvi populist ritorikasının növbəti iflası kimi dəyərləndirilə bilər. İkinci səbəb bəzi beynəlxalq güclərin süni ajiotaj yaradaraq Rusiyanın regiondakı nüfuzunu zədələmək məqsədindən irəli gəlir. Qərb təkidlə "Ermənistanın suveren ərazilərinə müdaxilə" tezisini qabartmaqla KTMT-nin prosesə cəlb olunmaq məsələsini aktuallaşdırmağa çalışır. Aydın məsələdir ki, KTMT müdaxilə etməsə, Ermənistanın bu təşkilatla münasibətləri pisləşəcək, əks halda isə Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşə bilərdi. Beləliklə, dolayısı ilə Qərbin əsas planı bu iki versiyanın birini reallaşdırmaqla Rusiyanın regiondakı nüfuzuna xələl gətirməkdən ibarət idi. Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial mövqeyi KTMT ölkələrinin, o cümlədən Rusiyanın insidentlə bağlı ədalətli və obyektiv mövqe sərgiləməsini təmin etdi. Beləliklə, Qərbin qızışdırıcı mövqeyi Ermənistanın Rusiya və KTMT ilə münasibətlərinin gərginləşməsinə xidmət etdi”.