YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Mirbəşiroğlu: Ermənistanın davranışları çarəsizlikdən irəli gəlir

“Ermənistanın davranışları çarəsizlikdən irəli gəlir. 2020-ci ildə imzalanmış 10 noyabr bəyanatının dolayı yolla şərtləri sərhədlərin müəyyənləşdirilməsini tələb edir. Əgər biz işğaldan azad olunan ərazilərdə kommunikasiyanın bərpa olunmasından, sonrakı mərhələdə iqtisadi layihələrin həyata keçirilməsindən danışırıqsa, mütləq bu istiqamətdə addımın atılmasından öncə dövlətlərarası sərhədlər müəyyən olunmalıdır.” Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Ermənistan bir neçə səbəbdən çox ciddi gərginlik keçirməkdədir: “Hər şeydən öncə Ermənistan hakimiyyəti qarşıdan gələn seçki prosesi ilə bağlı narahatlıq keçirir. Erməni cəmiyyətinin fikrincə,  Paşinyan ölkəsini ağır məğlubiyyətə aparıb. Ümumiyyətlə,  Paşinyanın hakimiyyəti məğlubiyyətli hakimiyyət oldu. 2018-ci ildə hakimiyyətə gələn zaman kütlə qarşısında bacara bilməyəcəyi məsələlərlə bağlı vədlər vermiş oldu. Ermənistana geniş həcmdə sərmayələrin cəlb olunması ilə bağlı, sosial-iqtisadi vəziyyətin qısa zamanda düzəldilməsi ilə bağlı verilmiş vədlərin heç birini yerinə yetirə bilmədi. Belə olan halda Paşinyan da sələfləri kimi Qarabağ məsələsindən özünün siyasi karyerası üçün istifadə etməyə başladı”.

 Deputat qeyd edib ki, Paşinyan hökuməti özünün 5 illik fəaliyyət planına qondarma rejimin danışıqlar prosesinə cəlb olunmasını fəaliyyət istiqaməti kimi salmışdı: “Bunu Paşinyana qədər heç kim etməmişdi. Bu, hər şeydən öncə beynəlxalq hüququn pozulmasıdır. Münaqişənin tənzimlənməsi istiqamətində ona qədər və ondan sonra həyata keçirilən danışıqların əhəmiyyətini sıfıra endirməkdən ibarət idi. Paşinyan bununla özlüyündə münaqişəni həll etmiş kimi görünürdü. Qondarma rejimin danışıqlar prosesinə cəlb olunması üçün heç bir əsas yox idi. Bu da ondan xəbər verirdi ki, Paşinyan ölkəsində sosial-iqtisadi vəziyyətin düzəldilməsi istiqamətində addım atmaq iqtidarında deyil. Belə olan halda çarəsizlikdən Qarabağ məsələsi üzərindən özünün siyasi hakimiyyətdəki ömrünü uzatmağa çalışacaqdı”.

Elşad Mirbəşiroğlu bildirib ki, bu gün də eyni mənzərə müşahidə edilir: “Yəni qarşıdan seçki gəlir və Paşinyanın kütlə qarısında verəcəyi vədlər yoxdur. Ona görə biz hər zaman qeyd edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ən böyük zərbəsi elə onların özünə dəydi. Hazırda Paşinyanın kütlənin qarşısına çıxmağa istinad nöqtəsi olmadığına görə, sərhəd məsələsində süni ajiotaj yaratmaqdan başqa yol görmür. Prezident İlham Əliyevin vurğuladığı kimi,  bu məsələni beynəlmiləlləşdirilmək üçün heç bir əsas yoxdur”.