YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır

“Biz qonşuluğumuzdakı ermənilərin kimliyini heç vaxt unutmamalıyıq. Bu o demək deyil ki, əbədi olaraq düşmən olmalıyıq. Bu o deməkdir ki, Azərbaycan güclü olmağa məhkumdur”.

Bu fikirləri “Yeni Tv”nin canlı yayımında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O vurğulayıb ki, Azərbaycan tarixdə ən böyük zərbəni zəif olduğu zaman görüb: “Əlbəttə bütün xalqlar, dövlətlər güclü olmaq istəyirlər. Amma Azərbaycan güclü olmağa sadəcə məhkumdur. Biz tariximizdə ən böyük zərbəni zəif olduqda, birliyimiz olmadıqda və başımızın üzərində Prezident İlham Əliyev kimi lider olmayanda almışıq. Bu baxımdan unutmalı deyilik ki, ötən əsrin 90-cı illərində böyük dövlətlərə, beynəlxalq qurumlara yanaşmada bir romantika vardı. Hər kəs belə başa düşürdü ki, haqq-ədalət, beynəlxalq hüquq, beynəlxalq normalar pozulursa, onu müəyyən edən dövlətlər irəli keçəcəklər. Amma sonrakı proseslərdə gördük ki, həmin bu dövlətlərin özləri çox xudbin, bəzi hallarda rəzilcəsinə beynəlxalq hüquq və normaları tapdalayırlar. Digər hallarda isə ona selektiv yanaşma sərgiləyirlər. Ona görə bunları unutmaq lazım deyil”.

Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibət bildirən S.Alıyev bildirib ki, bu məsələdə təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır: “Söhbət noyabırın 10-da və yanvarın 11-də imzalanan üçtərəfli anlaşmadan sonra özlərini regiondakı proseslərdən kənarlaşmış vəziyyətdə görən güclərdən gedir. Onlar baş verənlərdən narazıdırlar. Amma narazılıqlarının səbəbini özlərində axtarmalıdırlar. Çünki ATƏT-in Minsk qrupuna həmsədrlik edənlər vasitəçi olaraq problemin sülh yolu ilə həlli istiqamətində hər hansı bir addım atmadılar. Yəni münaqişənin həlli yox, idarəsi ilə məşğul oldular. O da aydındır ki, Ermənistan cəmiyyətində qorxu var. Azərbaycan 90-cı illərdə Ermənistanın indi üzləşdiyindən qat-qat artıq problemlərlə üzləşdi. Amma xalq olaraq sarsılmadıq. Bizdə heç zaman hay qorxusu olmadı və olmayacaq. Çünki biz böyük millətik. Ermənilər isə Azərbaycan əsgəri sərhəddə dayananda qorxudan tir-tir əsir. Çünki Zəngəzurda dədə-babalarının yaşamadığını, Göyçədə yad element olduqlarını bilirlər. Baş verənlər həm də Ermənistanda qarşıdan gələn seçki ilə əlaqəli məsələlərdir”.