YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Füzuli Beynəlxalq Hava Limanının inşası ilə bağlı işlər sürətlə aparılır

“Füzuli Beynəlxalq Hava Limanı turistlərin daha sərfəli və qısa yolla işğaldan azad olunan ərazilərə səfər etmələrinə imkan yaradacaq”. Bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının inşası ilə bağlı işlər sürətlə aparılır. Artıq ilin sonunda hava limanının istifadəyə veriləcəyi gözlənilir. Bu, işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur.

Millət vəkilinin sözlərinə görə, bu  hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.

“Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan vacibdir”, - deyə V.Bayramov söyləyib.