YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının VII Qurultayı ictimai-siyasi münasibətlər sistemi tariximizdə mühüm hadisədir

Hikmət BABAOĞLU

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezident İlham Əliyev onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir”.

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi

Əlbəttə, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər. 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, bütün dünya da gördü. Azərbaycan xalqı öz mübarizəsi ilə işğala məruz qalan, haqqı əlindən alınan xalqlara bir örnək oldu, bütün dünyaya ədaləti, beynəlxalq hüququ necə bərpa etməyi göstərdi. Ancaq bunun üçün milli gücün məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə lider amili ilə bağlıdır. Beləliklə də, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.

İctimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsası qoyuldu

Əlbəttə ki, yeni milli çağırışlar həm partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyamızda baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artıracaq ki, bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaradacaq. Ona görə də Azərbaycan Prezidenti Öz çıxışında siyasi islahatlar mövzusuna toxunaraq müxalifətlə dialoqun daha da dərinləşdirilməsinin və daha geniş platformada davam etdirilməsinin zəruriliyini qeyd etdi. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik islahatlar kursu Azərbaycanın milli gücünü artıran strateji faktor kimi çıxış edir. Xüsusilə, ölkəmizdəki siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi və digər mühüm addımlar yeni siyasi konfiqurasiyanın formalaşmasını, plüralizmin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri isə bu baxımdan xüsusi qeyd edilməlidir.

Bundan başqa, dövlətimizin başçısı, partiyamızın Sədri cənab İlham Əliyev müstəqillik dövrü tariximizin obyektiv əsaslarda öyrənilməsi, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Böyük Qayıdış adlandırdığımız milli vəzifənin yerinə yetirilməsi, ordu quruculuğu işinin davam etdirilməsi, bütün sahələrdə islahatların dərinləşdirilməsi və şəffaflığın daha da artırılması kimi məsələlərə toxundu. Bu prosesdə isə istər Yeni Azərbaycan Partiyasının, istərsə də digər siyasi partiyalar və ictimai institutların faəl iştirakçılığı vacib şərtlərdən biridir.

Bütövlükdə, sadaladıqlarımız ictimai-siyasi münasibətlərimizdə yeni keyfiyyət dəyişikliyi yaratmaqla ayrıca bir mərhələ təşkil edəcək. Bu yeni tarixi dönəm siyasi sistemimizi təşkil edən, ən müxtəlif siyasi ideologiya və dəyərləri mənimsəmiş partiyaların dialoq, uzlaşma və milli maraqlar ətrafında birləşmə mərhələsi olacaq.

YAP siyasi varislik prinsipinə sadiqdir

Mühüm məsələlərdən biri budur ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən bir sıra qərarlar partiyamızın siyasi varislik prinsipinə sadiq olduğunu da növbəti dəfə göstərir. Ənənədir ki, partiyamıza vaxtilə xidmət etmiş şəxslərin siyasi təcrübəsindən YAP-ın sıralarında birləşən gənc nəslin fəaliyyəti üçün mühüm nümunə kimi istifadə olunur. Bu isə, şübhəsiz ki, tarixi varislik prinsipinin qorunması ilə yanaşı, partiyamızın məqsədyönlü fəaliyyətinin səmərəliliyini daha da artıran mühüm amillərdən biridir. Dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev qeyd etdi ki, siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar: “Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər”.

Altı siyasi partiyanın YAP-a qoşulması siyasi sistemin daha da təkmilləşdirilməsi və dialoq mühitinin dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətli idi

Ən önəmli məsələlərdən biri Yeni Azərbaycan Partiyasının VII qurultayında altı siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsidir. Təbii ki, bu, ilk növbədə, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Digər tərəfdən, belə bir qərar, heç şübhəsiz, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu, həmçinin ölkədə siyasi birlik və milli həmrəylik mühitinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən, Prezident, partiyamızın Sədri cənab İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, 3 ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”, - deyə vurğuladı.

Digər tərəfdən, siyasi inteqrasiya nümunəsi olan bu addımlar siyasi sistemin inkişafı və siyasi proseslərin sağlam zəmində cərəyan etməsi kontekstində olduqca önəmlidir.

YAP strateji vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dinamik inkişafına müstəsna töhfə verməyə davam edəcək

Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.