YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır

“Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. 47 ölkədən 44 mindən artıq insan arasında sorğu keçirmiş nüfuzlu “Gallup International” təşkilatı da vətəndaşların onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirdiyini təsdiq edib. Təsadüfi deyil ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub: “Sirr deyil ki, pandemiya dövründə Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirmişdi. Ölkəmizdə 13 modul tipli xəstəxana inşa edilmişdi ki, bununla da formalaşan xəstəxana fondu xəstəliklə bağlı bütün məsələlərin həll olunmasına tam imkan verirdi. Eyni zamanda, pandemiyaya qədər Azərbaycanda 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilirdi. Bu gün isə laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Təsadüfi deyil ki, bu günə qədər 2.5 milyondan çox test keçirilib. Bütövlükdə pandemiya dövründə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən atılan addımlar onun necə prinsipial mövqe tutduğunu isbatlayırdı”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub: “Sirr deyil ki, dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu. Elə bunun nəticəsidir ki, Azərbaycan 4 milyon doz Çin istehsalı olan vaksinin gətirilməsini təmin etmişdi. Təsəvvür edin ki, bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin ala bilməyiblər. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. O da sirr deyil ki, Azərbaycan COVAKS təşəbbüsünün üzvü kimi bir neçə vaksin istehsal edən şirkətlə müqavilə imzalayıb və bununla da ölkəyə müxtəlif vaksinlərin gətirilməsi də təmin ediləcək”.

“O da hər kəsə bəllidir ki, bu gün dünyada vaksin məsələsi ətrafında mübarizə gedir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, inkişaf etmiş ölkələr ədalətsizlik nümayiş etdirməklə kasıb dövlətləri ümumiyyətlə nəzərə almırlar: “Məsələn, hazırda Kanada əhalisinin 400 faizi, Böyük Britaniya əhalisinin 295 faizi, Avstraliya əhalisinin isə 269 faizi üçün vaksin ehtiyatı alıb. Sual yaranır, məqsəd nədir? Bəs kasıb ölkələr nə etsinlər? Onların əhalisi ölümə tərk edilməlidir? Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırması bu mənada təsadüfi çağırış deyildi. Prezident İlham Əliyev bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Təəssüf ki, ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin ədalətsiz və eqoist yanaşması kontrast təşkil edir. Baxın, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Amma həmin ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa vaksini “Pfizer”in isə 96 faizini zəngin ölkələr sifariş ediblər. O zaman sual yaranır ki, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər? Bu mənada, Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin səsləndirdiyi faktlar da təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirlər”.