YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb

“Ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Eldəniz Səlimov bildirib ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü təsis edilməsi, beş Dövlət Proqramının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.

Millət vəkilinin fikrincə, bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır: “Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır”.