YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli şura” “beşinci kolon” funksiyasını icra edir

QAFAR ƏLİYEV

YAP SİYASİ ŞURASININ ÜZVÜ

Bölgədə yeni dövr başlayır - sabitlik və quruculuq dövrü. 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları üçtərəfli bəyanat regionda sabitliyin təmin olunması və geniş quruculuq işlərinə başlanması baxımından növbəti uğurlu addım oldu. Bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari, nəqliyyat və humanitar əlaqələrin bərpasına xidmət edir. Bundan sonra tarixi əhəmiyyət daşıyan bu məsələlərin həlli ilə məşğul olmaq üçün hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılacaq. Həmin İşçi Qrupuna 2021-ci ilin martın 1-nə kimi konkret mexanizm və vaxt çərçivəsi müəyyən etməklə regionda kommunikasiyaların açılması, iqtisadi və ticarət əlaqələrinin bərpa olunması tapşırılacaq. Bu, həm region dövlətlərinin, o cümlədən Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın, həm də digər dövlətlərin mənafelərinə uyğundur.

Artıq Azərbaycanın və dünyanın bir çox siyasətçiləri bu üçtərəfli bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun gələn, bizi strateji hədəflərimizə daha da yaxınlaşdıran və regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində əhəmiyyət daşıyan bir sənəd kimi dəyərləndiriblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda, regionu get-gedə güclənməkdə olan erməni terroru və faşizmi təhlükəsindən xilas etdi. Nəticədə 30 ildən sonra bölgəmizdə sülh və əmin-amanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait yarandı. Deməli, Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində qazandığı tarixi qələbələr öz əhəmiyyəti baxımından region səviyyəsini aşaraq qlobal məzmun kəsb etməkdədir.

Hazırda Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik meydanda da davam etdirilir. Eyni zamanda, artıq Qarabağ bölgəsində dinc quruculuq və yeni inkişaf dövrü başlayıb. Azərbaycan, ilk növbədə, Ermənistan tərəfindən işğal edilmiş bütün torpaqlarda yerlə-yeksan edilmiş binaları, tarixi abidələri, məscidləri, qəbirləri və digər dağıntıya məruz qalmış obyektlərin hamısını bərpa etmək üçün dinc şərait və imkan qazanıb. Digər tərəfdən, 30 il blokada vəziyyətində qalan Naxçıvanla birbaşa avtomobil və dəmir yolu əlaqəsi yaranır ki, bu da muxtar respublikanın inkişafı, gediş-gəliş və yükdaşımaları ilə bağlı problemlərinin aradan qalxması deməkdir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin işə düşməsi həm də Naxçıvan vasitəsilə Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir. Bu xəttin işə düşməsi nəticəsində Türkiyənin Azərbaycan üzərindən Türk dünyasına asan çıxışı təmin ediləcək. Bununla da Rusiya ilə Türkiyə arasında, İran-Türkiyə-Rusiya arasında iqtisadi əlaqələr güclənəcək və Azərbaycan isə ortada körpü rolunu oynayacaq. Digər bir tərəfdən isə Azərbaycan İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Əgər bu dəhliz açılarsa, ölkəmiz Gürcüstandan əlavə, ikinci, lakin daha qısa yolla yükləri beynəlxalq bazarlara daşımaq imkanı qazanacaq.

Onu da qeyd edək ki, Ermənistan dövləti və xalqı artıq məğlub olduğunu anlayır. Yalnız dünyanın bəzi ölkələrində erməni lobbisinin təsiri altında olan siyasi dairələr, Ermənistanda bəzi revanşist qüvvələr və bir də Azərbaycanda adını “milli” qoymuş, əslində isə antimilli qüvvə kimi fəaliyyət göstərən “Milli şura” təmsilçiləri öz məkrli məqsədlərini pərdələyərək ağzına gələni danışmaqla ictimaiyyəti çaşdırmağa cəhd edirlər.

Yəni bəzi Qərb təmsilçiləri Azərbaycanın legitim hərbi uğurlarını və buna adekvat olaraq regionda Azərbaycan, Türkiyə və Rusiya tərəfindən həyata keçirilən uğurlu sülh prosesinin regiona sabitlik, sülh və təhlükəsizlik mühiti gətirdiyini təqdir etmək əvəzinə, terrorçu və işğalçı ölkə olan Ermənistanı müdafiə edirlər.

Əslində, belə ermənipərəst, islamofob və anti-Azərbaycan qüvvələrin əsl məqsədi aydındır. Öz növbəsində, “Milli şura” təmsilçilərinin müharibə dövründə və ondan sonra göstərdiyi fəaliyyətin də ölkəmizin əleyhinə yönəldiyi bəllidir.

Məlum olduğu kimi, 2018-ci ilin aprelindən başlamış yeni siyasi konfiqurasiya, çoxpartiyalı sistem əsasında yeni Milli Məclisin formalaşması, dialoq mühitinin bərqərar olması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni dövr başlanmışdır. 2019-cu il noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında yenicə yaranmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya yeni siyasi dialoq prosesinə qoşularaq aparılan siyasi və iqtisadi islahatlara dəstək və həmrəylik nümayiş etdirdi. Bu məqsədlə həmin siyasi partiya rəhbərləri bəyanat yayıb, mövqelərini ortaya qoydu. 44 günlük müharibənin ilk günündən həmin siyasi partiyalar birgə bəyanat verilməklə dövlətimizin apardığı siyasəti və ordumuzun haqlı və ədalətli müharibəsində əllərindən gələn hər bir köməyi əsirgəməyəcəklərini bəyan etdilər. Daha sonra 2021-ci il oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirildi, ölkənin əksər siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda yaranmış milli və siyasi həmrəyliyi bir daha möhkəmləndirdilər. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində xalqımız və ordumuzla birlikdə yumruq kimi birləşəcəklərini və çiyin-çiyinə vuruşacaqlarını bəyan etdilər. Lakin özündən razı və müştəbeh olan radikal müxalifəti təmsil edən Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvləri və “Milli şura” təmsilçiləri bu dəfə də Prezidentin və xalqın çağırışına qoşulmadılar.

1992-1993-cü illərdə I Qarabağ müharibəsi zamanı da AXC-”Müsavat” fəalları ovaxtkı hakimiyyətə təsir etmək gücünə malik olsalar da, Vətən darda olanda siyasi ambisiyaları bir kənara qoyub hakimiyyətin ən yuxarı eşalonunda əyləşmiş insanlarla ortaq dil taparaq və onlara təsir edərək torpaqlarımızın müdafiəsini təşkil etməli olduqları halda, buna getmədilər və milli cəbhə, milli birlik hökuməti yaratmadılar. Daha sonra AXC-”Müsavat” cütlüyü 1992-ci ilin may-iyun aylarında hakimiyyətə gələrək bütün ali hakimiyyət orqanlarını, müdafiə, daxili işlər, xarici işlər, milli təhlükəsizlik və başqa əhəmiyyətli nazirlikləri ələ keçirib mühüm postlar tutsalar da, ölkədə milli həmrəylik, milli birlik yaratmadılar və Azərbaycan torpaqlarının işğalının qarşısını ala bilmədilər. Həmin vaxt Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yenicə yaranan və qeydiyyatdan keçən Yeni Azərbaycan Partiyası öz nizamnaməsində Milli Həmrəyliyi və konstruktiv əməkdaşlığı əsas prinsip elan etsə də və bu barədə AXC-”Müsavat” iqtidarına dəfələrlə çağırış etsə də, onlar bu çağırışlara hakimiyyətdən getmələrinə az qalan vaxta qədər məhəl qoymadılar. Yalnız Kəlbəcər işğal olunduqdan və Gəncə hadisələri baş verdikdən sonra AXC-”Müsavat” iqtidarı bu zərurəti, yəni milli birliyin və həmrəyliyin zəruriliyini dərk edərək o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyevi Azərbaycan rəhbərliyinə dəvət etdi.

AXCP-nin “Milli şurada” təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində də Prezidentin və digər siyasi partiyaların xalqa ünvanlanan həmrəylik çağırışlarına qoşulmadılar, özləri demişkən “bəyanat verməklə kifayətləndilər ki, iqtidarın gözü arxada qalmasın”. İndi isə döyüş qurtarandan və hər şey həll olunub müharibə zəfərlə başa çatandan sonra xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar.

Cəmi 44 gün davam edən müharibə Azərbaycan Prezidentinin rəhbərliyi ilə Zəfərlə nəticələndi. Azərbaycan Prezidentinin bəyan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Fəqət “Milli şura” təmsilçiləri bu tarixi prosesdən kənarda qaldı. İndi böyük Qələbə əldə edildikdə və xalqımız bu Qələbənin şirinliyini yaşadığı bir vaxtda onlar yenə də əks-təbliğat cəbhəsi açaraq fəaliyyətə başlayıblar.

Bəs əldə edilən uğurlu nəticələr, 44-günlük müharibə və imzalanmış sazişlə bağlı məntiqsiz fikirlər söyləyən, uğurlarımıza kölgə salmağa cəhd edən “Milli şura” təmsilçilərinin əsl məqsədi nədir, onlar nədən və niyə narazıdır?

YAP funksionerlərinin və bir çox millət vəkillərinin söylədiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Milli şura” adlanan qurumun “Azərbaycanda “beşinci kolon” funksiyasını icra etdiyi hamıya bəlli olan həqiqətdir” - fikri artıq təsdiq olunur. Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi “facebook” səhifəsində yayımladığı “Beşinci kolon”un təxribat niyyətləri” sərlövhəli məqaləsində yazır: “Beşinci kolon” Azərbaycanda yeni hadisə deyil. Müəyyən sükunətdən və konspirasiyadan sonra üzə çıxmaq, açıq fəaliyyətə keçmək tapşırıqları aldığı sezilməkdədir. İllər boyu formal da olsa, istifadə etdikləri siyasi müxalifət imicinə görünür daha ehtiyac duymurlar. “Beşinci kolon”un siyasi müxalifət mərhələsindən birbaşa açıq təxribatçı qruplaşma mərhələsinə keçdiyi aydın şəkildə müşahidə olunur. Hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb. Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Milli şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir. Hər iki qruplaşmanın adında xalq və milli sözlərinin olması yəqin ki, diqqətdən yayınmadı. Maskalanmaq üçün bu iki sözdən daha uğurlusunu düşünmək çətindir. Ancaq hər kəs gözəl bilir ki, birincini xalqla, ikincini isə millətlə bağlayan heç nə yoxdur. Hər iki ifadə yuxarıda adıçəkilən qruplaşmaların antimilli mahiyyətini pərdələmək məqsədinə xidmət göstərir”.

Əvvəllər də radikal müxalifət təmsilçilərinin ümummilli və ümumdövlət əhəmiyyətli heç bir məsələdə heç bir zaman konkret və birmənalı yanaşması olmamışdır.

Bundan əlavə, hər gün sosial şəbəkələrdə “Milli şura” təmsilçiləri xalqın gənc üzvlərini 30 il bundan qabaq baş vermiş hadisələrin mahiyyəti ilə bağlı yalanlar söyləməklə çaşdırırlar.

Beləliklə, Azərbaycanda “Milli şura”nı narahat edən məsələlər aydındır: 30 ildən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizin işğaldan azad edilməsi, Azərbaycan Prezidentinin nüfuzunun artması, Azərbaycanın Türkiyə, Pakistan və İslam ölkələri ilə, Rusiya və bir çox Qərb ölkələri, o cümlədən Qoşulmama Hərəkatının üzvü olan dövlətlərlə münasibətlərinin daha da güclənməsi və bu siyasətin sayəsində Azərbaycana beynəlxalq dəstəyin çoxalması, iqtidarın mövqeyinin artması və güclənməsi, Dağlıq Qarabağ problemi kimi çətin və qəliz bir məsələnin məhz bu iqtidarın hakimiyyəti dövründə həll edilməsi, Qarabağda abadlıq və quruculuq işlərinə start verilməsi və s. digər məsələlər “Milli şura”nı narahat edir. Onlar narahat olduğu qədər də öz məqsədlərinə çata bilməyəcəklərini anlayırlar. Bunun üçün də canfəşanlıq edib yenə də aranı qatırlar.