YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Şuşa müsəlman dünyasının mədəniyyət paytaxtı statusuna yüksəlməkdədir

ELMAN NƏSİROV

MİLLİ MƏCLİSİN DEPUTATI

Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi bütün müharibənin taleyini həll etdi. Emənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə bölgədə yeni tarix reallıqlar formalaşmışdır. Ərazi bütövlüyümüz bərpa edilmiş, beynəlxalq hüququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirilmişdir. İşğaldan azad olunmuş bütün torpağlarımızın, xüsusilə də strateji əhəmiyyətli Şuşa şəhərinin  bərpası və yenidənqurulması mərhələsi başlanmışdır. Bu prosesdə təkcə hərbi deyil, mülki idarəetmə məsələləri də ön plana çıxmışdır. Dövlət başçısı işğaldan azad olunan ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yaradılması ilə bağlı yanvarın 19-da Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələrək ilk dəfə məhz Azərbaycanın mədəniyyət paytaxtıi elan edilən Şuşa şəhərində Prezidentin xüsusi nümayəndəsi təsisastının yaradılması təsadüfi hadisə olmayıb, ölkəmizdə həyata keçirilən geniş və hərtərəfli islahatlar kursunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Bu xususda Prezident İlham Əliyevin yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin etməsi ilə bağlı videoformatda qəbul zamanı səsləndirdiyi fikirlər, mülahizələr  və tövsiyələr  xüsusi aktuallıq və əhəmiyyət kəsb edir, dövlətimizn qarşısında növbəti strateji vəzifələri müəyyənləşdirir. Bu vəzifələr ilk növbədə işğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də Qafqazın incisi Şuşa şəhərinin bərpası, yenidənqurulması və dirçəldilməsi məsələlərini özündə ehtiva edir. Eyni məntiqlə “O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”,-fikrini irəli sürməklə dövlətimizn başçısı bu tarixi missiyanın “yol xəritəsi”ni də göstərmişdir.

            Bu proses ilk növbədə Şuşanın tarixi, mədəni və dini irsinin bərpası, infrastrukturunun yenidən qurulması, festivallar, konsertlər və sərgilərin, xüsusilə də bu il ərzində Vaqif poeziya günləri və “Xarı bülbül” festivalının təşkil edilməsi, dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimat mərasimlərini keçirilməsi, həm Azərbaycan ictimaiyyəti, həm də, beynəlxalq ictimaiyyətin bərpa işlərinın gedişi ilə bağlı məlumatlandırılması məsələlərini özündə ehtiva edir. Xüsusilə həmi prosesin beynəlxalq  vektoru və uğurlu nəticələri təkcə mədəni deyil, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Artıq bu istiqamətdə ilk uğurlu addımlar atılmaqdadır. Cənab İlham Əliyevin məlum görüşdə vurğuladığı kimi, “ICESCO-nun Baş katibi mənimlə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. Bu, bizi çox məmnun edən bir addımdır. Onu da bildirməliyəm ki, bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülmüşdür - Bakı şəhəri və Naxçıvan şəhəri. Mən xatırlayıram, ICESCO belə qərarı qəbul edəndə bir neçə il əvvəl qərar verilir, ondan bir neçə il sonra artıq o şəhər bu şərəfli ada layiq görülür. Növbə də var, sıra da var. Ona görə belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur.”  Artıq  bu istiqamətdə  Türk Şurasının da anoloji addım atmaq niyyəti bəllidir. “Eyni zamanda, bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında Türk Şurasının Baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var.”-fikirlərini səsləndirən Prezident İlham Əliyev Şuşa şəhərinin öz əzəli siması və ruhunu qoruyaraq, dünyanın ən gözəl şəhərləri arasında layiqli yer tutacağına və böyük bir müsəlman arealının mədəniyət paytaxtı statusunu şərəflə daşıyacağına əminliyini ifadə etmişdir.

Müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq , həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi  növbəti tarixi vəzifənin icrası naminə  daha da səfərbər olmalı və  bu  taleyüklü prosesə konkret töhfələr verməliyik.

Bu, zamanın şağırışıdır!

Qarabağ bizimdir!

 Qarabağ Azərbaycandır!

 Şuşa, sən azadsan!

Suşa, səni dirçəldəcəyik!