YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinə və müharibə əlillərinə qayğını daha da gücləndirəcək

“Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalaması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirəcək: “Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək. Bütövlükdə, bu Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir”.