YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda inamla addımlayır

Bu gün müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan uğurlar dövlətimizin qüdrətini daha da artırır. Şübhəsiz ki, ölkəmiz bugünkü inkişaf səviyyəsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərində çoxsaylı problemlərlə üzləşən  Azərbaycanın dünyada böyük etimad qazanması, güclü dövlət olaraq, etibarlı tərəfdaş kimi tanınması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndərin rəhbərliyi ilə dövlətçilik maraqlarına, milli mənafeyə əsaslanan siyasət həyata keçirilib, bunun nəticəsində Azərbaycanın inkişafı təmin olunub, respublikamızın dünya birliyinə uğurlu inteqrasiyasının əsası qoyulub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən qısa müddət sonra BMT-nin üzvü olan böyük, nüfuzlu dövlətlərə səfərlər edib, münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb, və real nəticələr əldə olunub. Ən mühüm məqamlardan biri budur ki, ulu öndər Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edərək bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.  Bir sözlə, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövlətinin beynəlxalq arenada müsbət imici formalaşıb, nüfuzu davamlı olaraq artıb, ölkəmiz qlobal taleyüklü məsələlərin həllinə öz töhfələrini verib.

Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir

Son 17 il ərzində Azəbaycanda ulu öndər Heydər Əliyevin siyasəti həyata keçirilir, cənab Prezident İlham Əliyev bu siyasəti geniş və əhatəli şəkildə icra edir. Bu siyasi kurs mühüm ardıcıllıq qorunmaqla təmin edilib. Bu gün bütün sahələrdə qazanılan uğurların müəllifi məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyevdir.

Keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın sürətli inkişafını təmin edib. Kadr və struktur islahatları, yeni düşüncəli insanların idarəetməyə cəlb olunması bu baxımdan xüsusi qeyd olunmalıdır.  Ölkənin iqtisadi dayaqlarının möhkəmləndirilməsi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının icra edilməsi, mühüm infrastuktur layihələrinin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin reallaşdırılması və digər addımlar da son 17 il ərzində Azərbaycanın tərəqqi yolunda addımlamasını təmin edib.  Eyni zamanda, uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq artmasını təmin edib.

Bunlarla yanaşı, tolerantlıq nümunəsi olan Azərbaycan mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verib. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu kimi mühüm tədbirlər, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu yarışlar məhz dialoq məkanı olan Azərbaycanda keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin çox əhəmiyyətli istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan güclü orduya malikdir. Bununla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Bunlarla yanaşı, kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir.  Bir sözlə, Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr-mütəxəssis ehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir.

Qürurverici haldır ki, bu gün Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərir. Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizi azad edir. Bu, təbii olaraq, qəlbi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı tərəfindən iftixar hissi ilə qarşılanır. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Ali Baş Komandanına qətiyyətli dəstək göstərir, minnətdarlıq bildirir və düşmənə qarşı vahid mövqedən çıxış edir. Başqa sözlə, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, vətənin müdafiəçisi kimi görür, dövlətə, Prezident İlham Əliyevə və ordumuza qəti dəstək verir. Bütün bunlar haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır. 

İşğalçı Ermənistan Azərbaycanın qüdrəti qarşısında çıxılmaz vəziyyətdə qalıb

Azərbaycanın qüdrəti qarşısında işğalçı Ermənistan isə olduqca aciz və çıxılmaz durumda qalıb. Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın müstəqil dövlət olmadığını bir daha sübut etdi. “Güclü erməni ordusu” haqqında mif dağıdıldı. Eyni zamanda, kimlərinsə Ermənistanı qoruyur və qoruyacaq kimi yanaşmaları da alt-üst oldu.

Beləliklə, bir zamanlar küçədən hakimiyyətə gəlmiş Paşinyan indi çıxılmaz vəziyyətdədir. Özünü Adolf Hitlerə oxşatmağa çalışan təlxək baş nazir hazırda oynamağa çalışdığı rolları çox pis ifa edir. Çünki hərbi, siyasi müstəvidə ağır məğlubiyyətə düçar olmuş bu uğursuz fiqur nə istədiyini heç özü də bilmir. Bu gün sülhdən danışır, sabah müharibə deyir. Görünür, bir vaxtlar jurnalist olan Nikol heç siyasi prosesləri belə qiymətləndirə bilmir. Və bütün bunlar Soros fondunun hesabına “karyera pillələrində addımlamış” Paşinyanın gülünc  halını göstərir.