YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir

“İşğalçı Ermənistan özünün təcavüzkar xislətini hər addımda nümayiş etdirir. Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan erməni tərəfi beynəlxalq cinayət törədərək  mülki insanları qətlə yetirir, yaşayış məntəqələrini dağıntılara məruz qoyur. Halbuki, Moskvada tərəflər arasında humanitar atəşkəs haqqında razılığa gəlinmişdi. Amma Ermənistan anındaca həmin razılığı pozdu”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev bugünlərdə xarici  televiziya kanallarına verdiyi müsahibələrdə mövcud vəziyyətlə bağlı fikirlərini söyləyib, reallıqları həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə çatdırıb. Onun sözlərinə görə, işğalçı Ermənistanın mülki insanları hədəfə alması nəinki dayanmayıb, əksinə davam edir. Bu gün Tərtərdə qəbristanlığın atəşə tutulması nəticəsində daha 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bu fakt onu göstərir ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi mənəvi və əxlaqi dəyərlərdən uzaqdır, onlar faşistdirlər.

Deputat qeyd edib ki, ermənilərin bu cür qeyri-insani hərəkətlərinə baxmayaraq, əhali qorxmur və sona qədər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparacaq: “Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev xarici televiziya kanallarına müsahibəsində öz qətiyyətli mövqeyini bir daha beynəlxalq birliyin diqqətinə çatdırıb. Qeyd etdiyim kimi, işğalçı Ermənistan tərəfindən Moskvada razılaşdırılmış humanitar atəşkəs faktiki olaraq pozulub. Dövlətimizin başçısının dediyi kimi, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Digər tərəfdən isə humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılığından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdilər, Gəncə şəhərini isə raket atəşinə tutdular. Təbii ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi və verməkdədir. İşğalçı Ermənistanın cinayətləri cavabsız qalmır. Ordumuz doğma torpaqlarımızın işğaldan azadetmə missiyasını uğurla davam etdirir. Bütün bunların nəticəsində Ermənistan hakimiyyəti, baş nazir Paşinyan çaşqın vəziyyətdədir”.

Türkiyənin münaqişənin həllindəki roluna gəlincə, S.Fətəliyeva söyləyib ki, Türkiyə güclü dövlət kimi bölgədə söz sahibidir. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə atran rolunu inkar etmək mümkün deyil. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, Türkiyə bir çox ölkələrdən fərqli olaraq bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Azərbaycan xalqı bu dəstəyə görə Türkiyəyə minnətdardır.

 Ötən gün daha 8 kəndin işğaldan azad olunduğunu xatırladan deputat digər ərazilərin də tezliklə azad olunacağına əminliyini ifadə edib. “Həmin torpaqlarda da böyük quruculuq işləri həyata keçiriləcək və insanlar öz doğma yurdlarında xoşbəxt yaşayacaqlar. Buna heç bir şübhəmiz yoxdur”-deyə, S. Fətəliyeva vurğulayıb.