YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Düşmən törətdiyi beynəlxalq cinayətin cavabını artıqlaması ilə alacaq

“Ermənistan terrorçu dövlət olduğunu növbəti dəfə nümayiş etdirdi. Rusiyanın təşəbbüsü ilə Moskvada humanitar atəşkəsin əldə olunmasından heç bir neçə saat keçməmiş, Mingəçevir və Gəncə şəhərləri Ermənistan ərazisindən gecəyarı ballistik raketlərlə atəşə tutuldu. Cənubi Qafqazın əsas enerji infrastrukturu mərkəzi olan Mingəçevir SES-i hədəf almış raketlər havada zərərsizləşdirilsə də, Gəncəyə atılmış raket, əfsus ki, böyük dağıntılar törətdi, günahsız insanların həyatına son qoydu. Terroru təcavüzkar xislətinə uyğun olaraq özünün əsas dövlət siyasətinə çevirmiş Ermənistan 1992-ci ilin 26 fevral gecəsi Xocalıda törətdiyi soyqırımı bu dəfə də Gəncədə təkrarladı. 350 minə yaxın əhalisi olan, müxtəlif xalqların nümayəndələrinin əsrlərlə mehriban şəraitdə yaşadıqları Gəncə şəhərinə vurulan raket zərbəsi nəticəsində 9 mülki vətəndaşımız həlak oldu. Aralarında azyaşlı körpələr, qadınlar da olmaqla 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı”. Bu fikirləri YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva qeyd edib ki, Gəncəyə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyi artıq dəqiqdir. Düşmən törətdiyi bu beynəlxalq cinayətin cavabını təbii ki, artıqlaması ilə alacaq. Ermənistanın hərbi siyasi rəhbərliyi Gəncədə həlak olan, sağlamlığını itirən o insanların şəxsində ümumiyyətlə bəşəriyyətə qarşı törətdiyi cinayət əməllərinin məsuliyyətindən qaça bilməyəcək. Çünki güclü havadarları da onun dünyada tanınmış məkrli, hiyləgər, qaniçən simasını ört-basdır edə bilməyirlər.

Onun sözlərinə görə, işğalçı Ermənistanın təxribatlarına qarşı müzəffər ordumuzun əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızın bir hissəsini azad etdiyi əvvəlki günlərdə də düşmən Gəncəni və çoxsaylı mülki vətəndaşlarımızın olduğu başqa yaşayış məntəqələrimizi artilleriya zərbələrinə məruz qoyub. Nəticədə, təkcə son bir neçə gün ərzində 41 nəfər mülki vətəndaşımız həyatını itirib. 200 nəfərdən çox mülki şəxs isə yaralanıb. Şəhərlərimizdə, o cümlədən, Gəncə şəhərində çoxsaylı obyektlərə güclü ziyan dəyib.

“Gəncəyə insan itkiləri ilə nəticələnən son raket hücumunun humanitar atəşkəs haqqında Moskva razılaşmasından az sonra baş verməsi isə bütün dünyada xüsusilə böyük hiddət doğurur. Bu, Ermənistan rəsmilərinin beynəlxalq hüquq normaları, Rusiyanın vasitəçilik təşəbbüsləri kimi öz imzalarına da hörmət etmədiklərini göstərir. Bizim nə qədər həyasız, azğın bir düşmənlə mübarizə apardığımızın mənzərəsini müəyyənləşdirir”-deyə, YAP Qadınlar Şurasının sədri bildirib.