YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan Prezidenti atəşkəsin bərpa olunması ilə bağlı şərtlərini açıq şəkildə bəyan edib

“Artıq bir həftədən çoxdur ki, cəbhə xəttinin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedir və ordumuz vaxtilə işğal edilmiş torpaqlarımızın geri qaytarılması missiyasını uğurla həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Bundan başqa, cənab Prezident bir sıra xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib”. Bu fikirləri Milli Məclisin Beynəlxalaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, dövlət başçısının vurğuladığı kimi biz yalnız tarixən özümüzə məxsus olan, işğal edilmiş torpaqların geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunmasında, vaxtilə işğala məruz qalan torpaqların geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haqqı var. Əks-hücum əməliyyatı uğurla davam edir, ərazilərimiz işğaldan azad olunur. Bu amilə diqqət çəkən dövlətimizin başçısı müsahibələrində “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”, - deyə vurğulayıb.

“Ermənistan işğalçı dövlətdir və müharibəni də o başlayıb. Bunu beynəlxalq birlik də yaxşı bilir.  Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparıblar, eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının maddi və mədəniyyət abidələrimizə sahib çıxmaq cəhdləri də heç bir əndazəyə sığmır. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələblərini qulaqardına vuranların hazırda əl-ayağa düşməsi ikili standartların bariz nümunəsidir. Kimlərinsə Azərbaycanı ittiham etməyə heç bir haqqı və hüquqi əsası yoxdur. Hazırkı vəziyyətin yaranmasında əsas günahkar Ermənistan və bu məsələyə biganə yanaşan, daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan Prezidenti atəşkəsin bərpa olunması şərtləini açıq şəkildə bəyan edib. Bu gün Azərbaycanın həyata keçirdiyi işğaldan azadetmə tədbirlərinin çox ciddi əsasları var”-deyə, S.Fətəliyeva vurğulayıb.