YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Koronavirus pandemiyası dövründə polisin üzərinə düşən ağır vəzifələr yüksək peşəkarlıqla və vicdanla icra olunur

“Hüquq-mühafizə sistemi hüquqi və sivil dövlətin ən mühüm institutlarından biridir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, dövlətin mühafizəsi, ictimai asayişin qorunması və cəmiyyətin sağlam və sabit şəraitdə inkişafı üçün zəruri olan digər məsələlər bu sistemin fəaliyyətindən birbaşa asılıdır. Hüququn özü, onun tətbiqi və mühafizəsi lazımi səviyyədə olmayan dövlət güclü ola bilməz. Azərbaycanın dövlətçilik tarixində bu məqamlar daim rəhbər tutulub. Hər bir sivil ölkədə olduğu kimi Azərbaycanın hüquq-mühafizə sistemində də daxili işlər orqanlarının rolu və əhəmiyyəti danılmazdır”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, dövlətimizin və xalqımızın maraqlarının keşiyində hər zaman duran Azərbaycan polisi çox zəngin və keşməkeşli tarix yolu keçib. Digər sahələrdə olduğu kimi polis orqanlarında da məqsədyönlü və davamlı islahatlar həyata keçirilib, onların fəaliyyətinin günün tələblərinə cavab verməsi üçün maddi-texniki təchizatı, hərbi-texniki avadanlığı təkmilləşdirilib, polis əməkdaşlarının maddi təminatı xeyli yaxşılaşdırılıb. Polis əməkdaşlarımızın peşəkar fəaliyyəti nəticəsində ölkədə kriminogen vəziyyət nəzarətdə saxlanılır, cinayətlərin qarşısının alınması, qabaqlanması və açılması istiqamətində yüksək nəticələr əldə edilib, cəmiyyətimizin polis orqanlarına inamı və etibarı xeyli artıb.

“Ölkəmizə də öz təsirini göstərmiş və göstərməkdə davam edən koronavirus pandemiyası dövründə polisin üzərinə düşən ağır vəzifələr bu gün də yüksək peşəkarlıqla və vicdanla icra olunur, vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi, habelə onların bu ağır şəraitdə sağlamlığının qorunması üçün polis əməkdaşları əllərindən gələni əsirgəmirlər. Bu dönəmdə, son iki gün ərzində ölkəmizdə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi dövründə də polis əməkdaşları fədakarcasına fəaliyyət göstəriblər. Lakin, onlara qarşı bəzi şəxslər tərəfindən bir sıra xoşagəlməz, təxribat xarakterli davranış halları baş versə də, bu cəhdlər vətəndaşlarımızın polis əməkdaşlarına olan inamına və etibarına heç zərrə qədər də xələl gətirə bilmədi. Düşünürəm ki, heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu sarsıda bilməz”-deyə, K.Bayramov vurğulayıb.