YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq

Bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq.

Bu sözləri Prezident İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində deyib.

“Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Metronun bütün stansiyalarında böhran yarandı və ölkəmiz qaranlığa qərq olmuşdu. Bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. İndi müxtəlif rəqəmlər səslənə bilər, amma ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında, ilk növbədə, Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, bizim ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək. Bu stansiyada təkcə bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır. Təsəvvür edin, ancaq bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq. Əgər bunu biz ayrıca bir stansiya kimi götürsək görərik ki, bu, ölkəmizin generasiya gücünə görə ikinci böyük stansiya olacaq, “Cənub” stansiyasından sonra”, - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq. Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarır ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Biz bunu həmişə arzulamışıq. Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində”.