YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Ermənistanın təşkil etdiyi “seçkilər” hüquqi qüvvəsi olmayan qurama oyundan başqa bir şey deyil

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”in ikinci turu ilə bağlı sualını cavablandırıb.

Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qanunsuz “seçkilər”lə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyi bu il martın 31-də ifadə edilib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məsələyə münasibət bildirərək qeyd etdi ki, “bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır”. Bir daha vurğulayırıq ki, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər” neçənci mərhələsinin keçirilməsindən asılı olmayaraq, hər hansı hüquqi qüvvəsi olmayan qurama oyundan başqa bir şey deyildir.

“Ölkəmizin müvəqqəti işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki bu qanunsuz aktla bağlı beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə bir daha istinad edərək, qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildiyini xatırlatmaq istərdim. Qondarma “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur.

Azərbaycan ərazisində seçkilər ölkəmizin Konstitusiyasına uyğun olaraq keçirilir və konkret olaraq ölkəmizin Dağlıq Qarabağ bölgəsində seçkilər hərbi işğal amili aradan qaldırıldıqdan sonra və bölgənin hər iki icmasının iştirakı ilə baş tuta bilər. Bu məsələdə hər hansı əlavə şərhə ehtiyac duyulduğunu zənn etmirəm”, - deyə Leyla Abdullayeva vurğulayıb.