YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyev: Dayanıqlı iqtisadi inkişatın təmin edilməsi, sosial müdafiənin daha da gücləndirilməsi günümüzün əsas tələbidir

“Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə Azərbaycanın iqtisadi və sosial imkanlarının, o cümlədən inkişaf strategiyasının təqdimatında əhmiyyətli rol oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın bütün ölkələrində koronavirusla bağlı problem yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Amma ölkəmizin ilk gündən uğurla həyata keçirdiyi qabaqlayıcı tədbirlər, eyni zamanda, düşünülmüş siyasəti yaranmış çətinliklərin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. Müşavirədə də bu fikir xüsusi qeyd edildi ki, 2020-ci ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə Azərbaycanın iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bu dövrdə ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri-neft sektorunda artım 7 faizə yaxındır. Məhz bu uğurlara söykənərək cənab Prezident İlham Əliyev 2020-ci ilin də çox dərin və geniş islahtlar ili olacağını böyün inamla qeyd etmişdir. 2019-cu ildə islahatların böyük hissəsi həyata keçirilmişdir. Daim qeyd olunduğu kimi, islahatların yeni mərhələsinə məhz 2018-ci il prezident seçkilərindən sonra verilmişdir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşması da atılan addımların, təkmil islahatların nəticəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

A.Vəliyev bildirib ki, müşavirədə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, imzalanın Fərman və sərəncamlardan, bu səndələrə uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan və onların uğurlu icrasından geniş bəhs olunaraq vurğulanmışdır ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Ən əsası ölkəmizdə iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması, onların vəhdətliyinin qorunması uğurların davamlığını şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan hakimiyyətinin dövrün, zamanın tələblərinə uyğun həyata keçirdiyi təkmil islahatlar, yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq səviyyədə də təqdir olunur. Məhz bu gün böyük əminliklə qeyd edirik ki, dünyanın əksər ölkələri Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsindən istifadə edərək istər insanların sağlamlığının təminatı, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində addımlar atırlar.

Millət vəkilinin sözlərinə görə, müşavirədə həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığı bir daha önə çəkilərək vurğulandı ki, Ölkə Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli «Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və maliyyə imkanlarını səfərbər etməkdir. Həmçinin 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqrama əsasən qarşıda dayanan bu kimi məsələlərin həlli məqsədilə lazımi məbləğdə vəsaitlər ayrıldı. Dövlətimizin başçısı İlham Əliyev pandemiyaya qarşı mübarizə tədbirlərə başlandığı ilk gündən iş yerlərinin azaldılmamasını, sahibkarlar diqqət və qayğının, maliyyə dəstəyinin göstərilməsini qarşıya bir tələb kimi qoydu. Ölkə Prezidentinin müşavirədə qeyd etdiyi kimi, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlarımız daha da böyük həcmli olardı. Amma biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

“Təbii ki, Azərbaycanın istər cari ilə, istərsə də qarşıdakı illərə nikbin baxmağa böyük əsaslar vardır. Ölkəmizdə bütün sahələrə təkmil islahatlar həyata keçirilir. Cənab İlham Əliyev müşavirədə də bu məqamlara xüsusi diqqət yönəltdi. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr, Prezident Administrasiyasında, Nazirlər Kabinetində kadr dəyişikləri, gəncləşmə siyasəti bir məqsədə xidmət edir ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin, insanların rifahı yüksək səviyyədə olsun. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əsasında sosial müdafiə gücləndirilir, ölkəmizdə işsizlik və yoxsulluq səviyyəsi aşağı enir. Son 16 ildən artıq dövr ərzində həyata keçirilən Dövlət proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılmış, bütün rayon, kənd və qəsəbələrin siması dəyişmiş, infrastruktur beynəlxalq standartlara uyğun yenilənmişdir. Həyata keçirilən infrastruktur layihələri günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Bu baxımdan ki, bölgələrimizin su, elektrik enerjisi təminatı yüksək səviyyədədir, yol infrastrukturunun təkmilləşməsi istiqamətində davamlı addımlar atılır. Bir sözlə, ölkəmiz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu əminliyi də ifadə etmişdir ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd edir ki, görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Xalqımız, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın həyata keçirdiyi tədbirləri, görülən işləri yüksək dəyərləndirir, ölkəmizi koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu bəlanı da dəf edəcək, bu mübarizədə qalib gələcək”-deyə, A.Vəliyev vurğulayıb.

Millət vəkili onu da söyləyib ki, müşavirədə dövlətimizin başçısı radikal müxalifətin ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş fəaliyyətini pisləyib. Əlbəttə ki, antiazərbaycançı mərkəzlərin maraqlarına qulluq göstərən radikal müxalifətin, “5-ci kolon”un belə fəaliyyəti yolverilməzdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan cəmiyyəti onları rədd edir.