YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İtaliyadakı səfiri: Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə mövcudluğu sülh üçün əsas maneədir

İtaliyanın “Il Caffè Geopolitico” onlayn qəzetində jurnalist Kiara Soliqonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilmiş şəkildə təqdim olunan “Dağlıq Qarabağın taleyi necə olacaq?” adlı məqaləsi ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Il Caffè Geopolitico” qəzetinin redaksiyasına cavab məktubu ünvanlayıb və məktub tam şəkildə dərc edilib.

Diplomat yazısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi tarixi, sovetlər dönəmində Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü və onun nəticəsi olaraq Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin işğalı barədə məlumat verir. Həmçinin işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə siyasətinin həyata keçirilməsindən, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və işğal edilmiş ərazilərdə Azərbaycanın bütün tarixi abidələrinin dağıdılmasından, hərbi əməliyyatlar vaxtı Ermənistan ordusunun beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasından və çoxsaylı müharibə cinayətləri, o cümlədən Xocalı soyqırımını törətməsindən bəhs edilir.

İşğal olunmuş ərazilərimizdə yaradılmış və "Artsax Respublikası" kimi təqdim olunan qondarma, qeyri-qanuni separatçı rejimlə bağlı müəllifin fikirlərinə münasibətdə diplomat qeyd edir ki, bu, əslində dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmayıb və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü ört-basdır etmək üçün yaratdığı marionet bir rejimdir. Diplomat əlavə edir ki, məqalədə müəllifin işğal olunmuş ərazilərimizdə "seçkilər"ə və "referendum"a istinadları oxucuları aldatmaqdan başqa bir şey deyil və onların hamısı qeyri-qanuni şəkildə həyata keçirilib və beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunub.

Diplomat vurğulayır ki, münaqişəyə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nəticələr əldə edib, regionda inkişaf, əməkdaşlıq və rifaha töhfə verən əhəmiyyətli strateji nəqliyyat və enerji layihələri həyata keçirib. Ermənistan isə qonşularına qarşı düşmənçilik siyasəti və Azərbaycana qarşı hərbi təcavüzə görə bütün bu strateji layihələrdən kənarda qalıb. Bu ölkə yoxsulluq və xaricdə normal həyat axtarışı səbəbindən vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsi ilə üzləşib. Ermənistanda ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar kəskin etirazların nəticəsində hakimiyyətə gələn ölkənin yeni siyasi rəhbərliyindən münaqişə ilə bağlı əvvəlki hökumətdən fərqli olaraq müsbət davranış gözlənilsə də, bu gözləntilərdən fərqli olaraq, Ermənistanın hazırkı rəhbərliyi münaqişə ilə bağlı sülh prosesinə xələl gətirən və beynəlxalq birliyin böyük təəccübünə səbəb olan bir sıra ziddiyyətli açıqlamalar verdi. Səfir yazısında əlavə edir ki, Ermənistanda ciddi sosial-iqtisadi problemlərin həlli bu ölkənin hakimiyyətinin münaqişə ilə bağlı Azərbaycanla razılaşma əldə etməsindən asılıdır və bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zəruridir, çünki həmin ərazilərdə işğalçı qoşunların mövcudluğu sülh üçün əsas maneədir.

Diplomat yazısını bu fikirlərlə yekunlaşdırır: “Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərdən çıxarılmadan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa olunmadan və bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət təmin olunmadan, yəni, azərbaycanlı qaçqın və məcburi köçkünlər Dağlıq Qarabağ da daxil olmaqla öz ərazilərinə qayıtmadan münaqişəni həll etmək mümkün deyildir. Bu şərtlər beynəlxalq hüquqa, Helsinki Yekun Aktına və münaqişə ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı sənədlərinə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”.