YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Zorakılığın aradan qaldırılması Azərbaycan hökumətinin prioritetlərindəndir

Noyabrın 25-də “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş dəyirmi masa keçirilib. Kampaniya 25 noyabr - Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqlarının pozulması kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyələrdə maarifləndirmə aparmaqdır.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dəyirmi masada çıxış edərək qadınlara qarşı zorakılığın müasir dövrün qlobal problemlərindən biri olduğunu bildirib. O deyib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər üç qadından biri nə vaxtsa zorakılığa məruz qalıb. Dünyada hər üç dəqiqədə ən azı bir qadın öldürülür. Gender əsaslı zorakılığın qarşısının alınmasında bütün ölkələr dövlət səviyyəsində iş aparır, mühüm qərarlar qəbul edirlər. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüquqlarını bilmələri, onların fəallığının artırılması Azərbaycan hökumətinin prioritetlərindəndir. Hətta ölkəmizin ən ağır ictimai-siyasi və hərbi vəziyyətində belə qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman ön planda olub”.

Dünyanın bir çox ölkələrində qadınlara qarşı zorakılığın öyrənilməsi və aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü bildirən Hicran Hüseynova Azərbaycanda da zorakılıq hallarının araşdırıldığını, belə halların qarşısının alınması istiqamətində davamlı işin aparıldığını qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təmsil etdikləri qurumların qadın və qızlara qarşı zorakılıqla mübarizədə gördükləri tədbirlərdən danışıb, Azərbaycanda bu istiqamətdə atılan addımları yüksək qiymətləndiriblər.