YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət ardıcıl səciyyə daşıyır

“İqtisadi və maliyyə müstəqilliyinin təmin olunması Azərbaycanı geniş imkanlara malik dövlətə çevirib”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, hazırda özünün geniş iqtisadi-maliyyə imkanlarından səmərəli istifadə edən respublikamız dərinməzmunlu sosial siyasət həyata keçirir. Onun sözlərinə görə, ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə davamlı olaraq böyük diqqət göstərən Prezident İlham Əliyev qarşıya belə bir hədəf qoyub ki, respublikamızda sosial sferada vəziyyət dünyanın qabaqcıl dövlətlərindəki səviyyəyə çatdırılmalıdır.

“Dövlət başçısı mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda xüsusi olaraq vurğulayıb ki, vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Son 15 ildə dərinməzmunlu sosial siyasət həyata keçirən Azərbaycan insan inkişafı indeksi üzrə dünyada ən yaxşı göstəricilərdən birinə nail olmaqla MDB məkanında lider mövqeyə yüksəlib. Bunun təsdiqi olaraq təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız qısa müddətdə yoxsulluğu 5 faizədək aşağı salmağa müvəffəq olub. Ölkəmizi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, burada sosial siyasət ardıcıl səciyyə daşıyır. Belə ki, Prezident İlham Əliyev daim vətəndaşların rifah halının yaxşılaşmasına hesablanan yeni təşəbbüslərlə çıxış edir və sonradan bu təşəbbüslərin praktiki müstəvidə reallaşmasını təmin etməkdən ötrü müvafiq Fərman və sərəncamlar imzalamaqla, konkret istiqamətlər üzrə Dövlət proqramları qəbul etməklə möhkəm hüquqi əsaslar yaradır. O cümlədən 2019-cu ilin əvvəlindən bəri respublikamızda insanların həyat səviyyəsinin yüksəldilməsinə, gəlir imkanlarının artırılmasına hesablanan islahatların miqyası daha da genişlənib. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən hələ ötən il elan olunan ciddi sosial paket uğurla reallaşdırılır. 2019-cu ilin əvvəlindən bəri dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir”-deyə, deputat qeyd edib.