YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir

"Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, ölkəmizin hərtərəfli inkişafına xidmət edir". Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla sosial müavinətlər və təqaüdlər, yəni 600 minə yaxın insana dövlət qayğısı əhəmiyyətli şəkildə artırılıb. Sözügedən Sərəncamla sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasından başqa, həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur. Sərəncama əsasən edilən artımlara görə cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir”.

S.Qafarova əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradan sözügedən Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi kimi müddəalar yer alıb.

“Beləliklə, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addım atdı. Azərbaycanda sosial müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılılması dövlətin öz vətəndaşlarına verdiyi dəyəri ifadə etməklə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin davamlı xarakter daşıdığını göstərir”,-deyə millət vəkili vurğulayıb.