YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyada Azərbaycanın xarici siyasətinin prioritetlərinə dair seminar təşkil olunub

İspaniyanın beynəlxalq münasibətlər və diplomatiya sahəsində tanınmış araşdırma institutlarından sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondun təşəbbüsü və təşkilatçılığı ilə Madrid şəhərində Azərbaycanın xarici siyasətinin prioritetləri mövzusunda seminar təşkil olunub.

Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fond İspaniya Krallığı Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, Müdafiə Nazirliyi, habelə Strateji Araşdırmalar İnstitutu və Barselona şəhərində yerləşən “Abat Oliba CEU” Universiteti ilə sıx əməkdaşlıq edir. Fond tərəfindən adı çəkilən qurumların əməkdaşları və qeyd olunan təhsil müəssisələrinin tələbələri üçün beynəlxalq münasibətlər, diplomatiya və idarəçilik sahələrində magistr proqramı, ixtisasartırma kursları, konfranslar və “dəyirmi masa”lar, habelə digər ölkələrin xarici siyasət prioritetləri ilə bağlı məlumat xarakterli seminarlar təşkil olunur.

Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda bu məqsədlə seminara dəvət olunmuş Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovu salamlayıb, Azərbaycanın özünün coğrafi mövqeyi, təbii resursları və insan kapitalı ilə hazırda yüksək sürətlə inkişaf edən, yerləşdiyi regionun lider ölkəsi olduğunu bildirib. Qeyd edilib ki, Avropa İttifaqı, o cümlədən İspaniya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Səfir Anar Məhərrəmov seminarda çıxış edərək 2018-ci ilin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını, məhz 100 il əvvəl müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını qeyd edib, Cümhuriyyətin mövcud olduğu dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı bəhs edib. Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, dövlət himninin, bayrağının və gerbinin təsis edilməsinin, bir çox qərbi Avropa ölkələrindən daha əvvəl qadınların seçki hüququnun təmin olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrdə inkişafa nail olunduğu, ölkəmizin Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrildiyi qeyd edilib.

Səfir bildirib ki, 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa edərkən çətin siyasi vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. A. Məhərrəmov bu ağır dövrdə Azərbaycan xalqının istəyi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtdığını və bununla da ölkə tarixində yeni parlaq dövrün başlandığını vurğulayıb.

Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə siyasi sabitlik bərqərar edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə olunub (1994), 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin Müqaviləsi”nin imzalanması nəticəsində ölkəyə irimiqyaslı investisiyalar cəlb edilib, Azərbaycan mötəbər beynəlxalq və regional təşkilatların tam hüquqlu üzvünə çevrilib, respublikada bütün sahələrdə əsaslı islahatlar həyata keçirilib. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Səfir vurğulayıb ki, Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada nüfuzu və rolu artmaqdadır.

Səfir çıxışında Azərbaycan Respublikasının təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinə toxunaraq, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, turizmin təşviqi, habelə respublikamızın ev sahibliyi etdiyi Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1 Azərbaycan Qran Prisi kimi mühüm beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu qeyd edib. O, TAP, TANAP layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin fəaliyyətə başlaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının regionun əsas nəqliyyat və logistika qovşağına çevrilməsi, “ASAN xidmət” vasitəsilə elektron vizaların qısa müddətdə əldə edilməsi barədə seminar iştirakçılarını ətraflı məlumatlandırıb.

İspaniya-Azərbaycan əlaqələrinə toxunan səfir, ölkələrimiz arasında dostluq münasibətlərinin bu gün uğurla davam etdirildiyini deyib. Vurğulayıb ki, İspaniya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birini dəstəkləyir, bir çox məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür. İspaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. A. Məhərrəmov bildirib ki, 2005-ci ildə Azərbaycanın İspaniyada səfirliyi, 2014-cü ildə isə İspaniyanın Azərbaycanda nümayəndəliyi təsis edilib, 2017-ci ildə Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub.

Çıxış zamanı ölkəmizə aid fotoşəkillər də təqdim olunub.

Keçirilən seminardan məmnun qalan Fondun rəhbərliyi və tələbələr seminarın maraqlı keçərək onlarda xoş təəssürat yaratdığını bildiriblər. Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda etdiyi geniş məzmunlu çıxışa və təqdimata görə səfir A.Məhərrəmova minnətdarlığını bildirib.

Sonda Fondun İdarə Heyətinin rəhbər üzvləri və tələbələrlə xatirə şəkli çəkdirilib.