YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması baxımından müəyyən irəliləyiş əldə olunacaq

“Ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilib. Münaqişə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münaqişənin həllinin hüquqi bazasına gəldikdə buraya, ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, digər çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamentinin qərar və qətnamələri, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir”. Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Onun sözlərinə görə, Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə ermənistanlı həmkarım arasında keçirilmiş üç görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul olunmuş birgə bəyanatında qeyd edilir ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönələn danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

“Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində mümkün irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə, Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik mənsubiyyətə malik Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin “xidmətləri” nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu, təşviq olunmalıdır”-deyə, nazir vurğulayıb.