YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev dövlətimizi və xalqımızı xoş gələcəyə aparan liderdir

İradə Hüseynova,

YAP Siyasi Şurasının üzvü, professor

 

“Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi... Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir.”

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Dahi şəxsiyyətlər hər bir xalqın tarixində, dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində mühüm mühüm rol oynayırlar və tarixdə silinməz izlər qoyurlar. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması və öz arxalarınca apara bilmək qabiliyyəti və s. siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir.

Prezindetimiz İlham Əliyevin haqlı olaraq göstərdiyi kimi: “Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir.”

XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixinə yeni-yeni şərəfli səhifələr yazır. 

Müasir Azərbaycan tarixində açılan yeni səhifələrdən biri 1993-cü ildə Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi rəhbərliyə qayıdışı ilə başladı. Bu, eyni zamanda Azərbaycanın siyasi inkişaf mərhələsində yeni eranın – Heydər Əliyev erasının başlanması demək idi.

1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn dahi insan və böyük şəxsiyyət Heydər Əliyev dərhal yaranmış böhranlı durumu, kəskin ictimai-siyasi vəziyyəti kökündən dəyişməyə nail oldu. Azərbaycanın dünyanın siyasi xəritəsindən bir dövlət kimi silinməkdən xilas olması ümummilli liderin müasir Azərbaycanın memarı kimi cahanşümul fəaliyyətinin bariz nəticəsi idi. Mən müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolunu, xalqımız qarşısında tarixi xidmətlərini, möhtəşəm dövlətçilik və siyasi fəaliyyətini dərindən tədqiq etmişəm, ulu öndərin nadir şəxsiyyət olduğunu elmi cəhətdən sübuta yetirmişəm. Fəxr edirəm ki, Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyəti haqqında ilk doktorluq dissertasiyasının müəllifiyəm. Böyük rəhbərimizin Azərbaycan xalqı qarşısında heç vaxt unudulmayacaq xidmətləri onun tanınmış dünya liderləri tərəfindən də obyektiv və düzgün qiymətləndirilməsinə səbəb olmuşdur.

Dahi rəhbər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlanırdı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı.

Hesab edirik ki, Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir. Ümummilli liderimiz həmişə deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. Onun sözlərinə görə, Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqinə, qarşıda duran tarixi vəzifələrin dönmədən həyata keçirilməsinə xidmət edir.

Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən Qərb dövlətləri ilə ikitərəfli münasibətləri, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə başladı, eyni zamanda ölkədə yaranmış müxtəlif səpkili problemlərin aradan qaldırılması istiqamətində köklü və düşünülmüş islahatların bünövrəsini qoydu.

Müstəqil Azərbaycanın qurucusu ölkəyə rəhbərlik etməyə başladıqdan dərhal sonra respublikada ictimai-siyasi sabitlik, sosial ədalət bərqərar oldu. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində ümummilli lider Azərbaycan-Ermənistan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı.

Heydər Əliyev iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün düşünülmüş strategiya işləyib hazırladı. Ulu öndərin yeritdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycanın malik olduğu təbii sərvətləri, zəngin karbohidrogen ehtiyatları onun əsl sahibinə - Azərbaycan xalqına verildi. Azərbaycanın əsas sərvətinə - neft amilinə əsaslanan bu strategiyanın həyata keçirilməsində müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. Heydər Əliyevin düşünülmüş müdrik siyasətinin bəhrəsi olan bu müqavilənin və sonralar imzalanmış digər neft müqavilələrinin uğurla reallaşdırılması gənc müstəqil Azərbaycan dövlətini düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmağın yeganə düzgün yolu idi. Lakin ulu öndərin yeni iqtisadi strategiyasının prinsipial məqamlarından biri də o idi ki, neftə məqsəd deyil, vasitə kimi baxılırdı. Neft hasil edən, lakin heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələrin təcrübəsinə yaxından bələd olan Heydər Əliyev Azərbaycan iqtisadiyyatının gələcəyini təkcə neftlə bağlamırdı, o, qeyri-neft sektorunun daha sürətli inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ona görə də ulu öndər respublikanın enerji sisteminə də xüsusi diqqət və həssaslıq göstərirdi. Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan elektroenergetikada dayanıqlı inkişafı təmin etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdı. Heydər Əliyev respublikanın elektrik enerjisinə olan təlabatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.

Ümummilli lider Heydər Əliyev yuxarıda kiçik bir hissəsini qeyd etdiyimiz çoxşaxəli fəaliyyəti ilə sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi-intellektual yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Bütün bunlar təsdiqləyir ki, ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi öndərimiz Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etdişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir .

Tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr İlham Əliyev dövrünün parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır.

Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə  Prezident kimi jurnalistlərə ilk müsahibəsində  “Sizcə  Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına müdrik cavabıdiqqətə layiqdir. Ölkə başçısı İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaratdığı möhkəm təmələ, eyni zamanda, təkmilləşmənin davamlı inkişaf üçün əsas faktor olmasına söykənərək  sualı  belə  cavablandırmışdır: “Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda  ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində  Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin  çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə  belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə  qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin fundamentini ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti təşkil edir. Hazırlanan dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yaranmışdır.

Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə yalnız Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Hörmətli Prezidentimiz demişdir: “Bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq - bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasma yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir” [Əliyev İlham. İqtibaslar və təhlil. Bakı: Azərbaycan, 2006,  s. 62].

Bu gün Azərbaycanda həyatımızın bütün sahələrində - təhsil, səhiyyə, elm və s. sürətli inkişaf müşahidə olunmaqdadır. Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən edən strateji fəaliyyət istiqamətidir. Xüsusilə, qloballaşma dövründə yeni informasiya, intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı bir mühitdə  hər bir cəmiyyətin inkişafında təhsilin və elmin rolu danılmazdır. Ölkə prezidenti İlham Əliyev haqlı olaraq vurğulayır ki, “biz iqtisadi potensialımızı intellekt potensialına çevirməliyik”. Müasir təhsil sistemini keçmiş təhsil sistemindən fərqləndirən cəhət onun məhz milli xarakter daşımasıdır. Millilik ölkənin inkişaf perspektivlərinə, xalqımızın mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanır [Hüseynova İradə. Müstəqilliyimizin təminatçısı. Bakı: Təhsil, 2003, 504 s.].

Ölkə rəhbərliyinin təhsilə, səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı gələcəyimiz olan sağlam, savadlı və vətənpərvər gəncliyin yetişdirilməsi kimi strateji məqsəd daşıyır. Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında məlum fərmanları təhsilin, səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.

Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır [“Milli Məclıs” jurnalı, 2009, №5, s.1-2].Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş zəngin ənənələrə, ulu öndərin zəngin irsinə sadiqlik nümunəsi kimi Heydər Əliyev Fondu da bütün bu istiqamətlərin inkişafına öz tarixi töhfələrini verməkdədir. Azərbaycanın birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbəri olduğu bu Fond ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi diqqət yetirir. Fondun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi bu sahədə görülən işlərdən biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib.

Ümummilli lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimi olduğunu, bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərinə görə, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur [Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib, Azərtac, 10 yanvar 2017]. Azərbaycan xalqı sabit və dayanıqlı inkişafı təmin edən bu yolu bəyənir və əməli şəkildə dəstəkləyir.

Son illər Azərbaycan neft gəlirlərinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadi sabitliyin qorunub saxlanmasına nail olmuş, böhranlı vəziyyətdən çıxa bilmiş, iqtisadi islahatların daha da dərinləşməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Belə ki, qeyri-neft sənaye istehsalı ötən il 5 fazi artmış, kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində 2,6 faiz yüksəlişə nail olunmuşdur. Dövlət başçımızın da söylədiyi kimi, 2017-ci ildə görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək.

Dövlətimizin başçısı Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu vurğulayaraq demişdir:“Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”. Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir.Möhtərəm Prezidentimiz İlham Əliyev son 15 ildə modernləşməni, yeniləşməni həyata keçirilən siyasətin  əsası kimi dəyərləndirərək, təkmil islahatları ilə Azərbaycanı irəliyə aparır. Ölkə başçısı İlham Əliyevin dediyi  “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var” sözləri ölkəmizdə davam etdiriləcək böyük quruculuq işlərindən xəbər verir .

Məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirir, Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur. Qətiyyətlə demək olar ki, məhz bu düşünülmüş siyasət respublikada dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin edir.

Əsas təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil ölkəmizdə bu gün xalq-iqtidar birliyi var və Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. Bizim hər birimiz sosial mənşəyimizdən, milliyyətimizdən,  tutduğumuz vəzifədən asılı olmayaraq prezident İlham Əliyevin ətrafında sıx birləşməli və Azərbaycan dövlətinin inkişafı, çiçəklənməsi, xoş gələcəyi uğrunda yorulmadan fəaliyyət göstərməli, xalqımızın cəfakeşi olmalıyıq!