YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alim Quliyev: Dövlət Proqramı bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini ehtiva edir

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda tədbirlərin icra mexanizmi, əsas icraçı təşkilatların, əlaqələndiricinin və qiymətləndirmə və monitorinqi aparacaq qurumun vəzifə və öhdəlikləri müəyyən edilib. Əsas icraçı təşkilat tədbirlərin yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla rüb üzrə görülmüş işlərə dair hesabatı Mərkəzi Banka təqdim edəcək”. Bu fikirləri Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyev bildirib ki,  Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi isə Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Hazırda mərkəz ilə işin təşkilinin reqlamenti üzərində işlənilir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə Mərkəzi Bank ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

 “Proqram bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini ehtiva edir. Onun icrası ilə ilk növbədə, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40 faizə qədər azalacaq.
Nağd iqtisadiyyatın azalması ilə iqtisadi subyektlər arasında maliyyə şəffaflığı artacaq, vergidən yayınma halları azalacaq, bank sektorunun maliyyə resurs bazası güclənəcək, elektron bank əməliyyatlarının çeşidi, əlçatanlığı və elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi, elektron ticarətin həcmi artacaq. Ümumilikdə dövlət proqramın qəbulu və uğurlu icrası ən qısa müddətdə ölkəmizdə nağdsız cəmiyyətin əsaslarını yaratmağa, iqtisadi münasibətlərdə rəqəmsal transformasiyaya ciddi töhfə verəcək”-deyə, A.Quliyev vurğulayıb.