YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Azərbaycan heç zaman öz torpaqlarını güzəştə getməyəcək

“Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi Ümummilli lider Heydər Əliyev tərəfindən düzgün müəyyən edilib və bu gün də həmin siyasət həyata keçirilir. Vaxtilə parlamentdə Ulu öndərin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinə dair ictimai müzakirələr təşkil olunanda bəzi siyasi qüvvələr həmin müzakirələrdə iştirak etmədilər. Hansı ki, həmin müzakirələrə bütün siyasi qüvvələr dəvət olunmusdu.  Bu gün isə onların ayrı-ayrı yerlərdən səsləri gəlir”. Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev vaxtilə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəndə bu siyasəti qətiyyətlə davam etdirirdi: “Bu siyasət nəticəsində 2005-ci ildə AŞPA-da çox ciddi qətnamə qəbul edildi, qeyd olundu ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib, bu gün Dağlıq Qarabağ bir qrup separatçının əlindədir, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım həyata keçirilib. Budur Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət. Amma gəlin görək, başqaları ortaya nə qoyacaqlar? Heç olmasa, bir parça kağız gətirsinlər ki, hansısa bir qeyri-hökumət təşkilatı ilə beynəlxalq arenada Qarabağla bağlı müzakirələr aparıblar, Azərbaycan xalqının haqq səsini orada ifadə ediblər və dəstək alıblar. Belə bir fakt yoxdur”.

Millət vəkili qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir: "Ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər də sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu alınmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.