YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: İnternet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalıdır

“İnternetin cəmiyyətə təsiri danılmazdır. Ona görə də, bu sahədə qanunvericilik mövcud vəziyyətə adekvat olmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib: “Faydalı dəyişikliklərdən biri kimi mən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalıdır”. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, deməli, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olaq. Məsələ bu günümüz üçün çox vacibdir”.

İnformasiya təhlükəsizliyi ilə bağlı danışan millət vəkili deyib ki, müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır, lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır: “Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.