YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı qüvvələrinin 100 illiyi Moskvada da qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində təntənəli qəbul keçirilib.

Tədbirdə bir sıra ölkələrin Moskvada akkreditə edilmiş səfirliklərinin hərbi attaşeləri, Rusiya Federasiyası ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbrik nitqi ilə çıxış edib. O bildirib ki, ordunun yaradılmasının 100 illiyi hər bir dövlətin, hər bir xalqın həyatında çox mühüm hadisədir. Diplomat deyib ki, iyunun 26-da Bakıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi şərəfinə keçirilmiş hərbi paradda Ali Baş Komandan, Prezident İlham Əliyev çıxış edib, hərbi texnika nümayiş etdirilib. Səfir deyib: “Bu gün mən tribunada əyləşəndə və bizim şanlı əsgərlərimiz, zabitlərimiz, müxtəlif qoşun növlərinin nümayəndələri yürüş addımları ilə tribunanın qarşısından keçəndə böyük qürur duyurdum. Daha sonra müxtəlif ölkələrdə, müxtəlif mənbələrdən alınmış ən müasir, ən gərəkli texnika keçəndə başa düşdüm ki, bu gün, yaradılması tarixindən yüz il keçəndən sonra Azərbaycan ordusu həqiqətən hər bir təcavüzü dəf etməyə, Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə qabildir”.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakının Dağlıq Qarabağ problemini dinc yolla həll etmək istəyini bir daha vurğulayıb. Səfir deyib: “Əlbəttə, o, Ali Baş Komandan kimi, ata kimi, baba kimi, istəmir ki, həm bu tərəfdən, həm digər tərəfdən cavanlar həlak olsunlar. Ona görə biz bu məsələni dinc yolla həll etmək üçün nə mümkündürsə edirik. Lakin Azərbaycan xalqının, Azərbaycan rəhbərliyinin səbri sonsuz deyil. Buna görə də biz, əlbəttə, Minsk qrupunun həmsədri olan Rusiyaya, Minsk qrupunun özünə böyük ümid bəsləyir, inanırıq ki, bu məsələ ən yaxın vaxtda ədalətli yolla həll ediləcək”.

Polad Bülbüloğlu xatırladıb ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekretlərindən biri ordu yaradılması haqqında dekret olub. Cümhuriyyətin baniləri yaxşı başa düşürdülər ki, silahlı qüvvələri olmayan ölkə suveren ola bilməz. Sovet dövründə bir neçə Azərbaycan diviziyası rəşadətlə döyüşüb, azərbaycanlılar Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.

Səfir çıxışının sonunda deyib: “Mən Bakıda keçirilmiş gözəl parada görə, Azərbaycan ordusunun gücünün və qüdrətinin nümayiş etdirilməsinə görə ilk növbədə bütün Azərbaycan xalqını təbrik etmək, Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm”.

Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi Nadir Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tarixi barədə məlumat verib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda intensiv ordu quruculuğu başlanıb, Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılıb. 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında bu hərbi liseyin filialı, daha sonra həmin filial bazasında Heydər Əliyev adına hərbi lisey yaradılıb.

N.Şahbazov vurğulayıb: “1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra intensiv hərbi islahatlar prosesi başlanıb. Bu proses hərbi hava qüvvələrini və hava hücumundan müdafiə sistemini də əhatə edib. Səbəb aydındır: “Azərbaycanın işğal edilmiş əraziləri əsasən yüksək dağlıq relyefə malikdir və bu torpaqları işğaldan azad etmək üçün hərbi hava qüvvələri müstəsna rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində uğurlar davam edir. Qeyd etmək istərdim ki, işğal və zorakılıq siyasətinə əsaslanan, nəticə etibarilə tədricən dağılmaqda olan, legitimlik qazanmağa çalışan E4rməınistandan fərqli olaraq Azərbaycan praqmatik tərəfdir. Azərbaycan mülki quruculuq, iqtisadi inkişaf yolu seçib”.

Hərbi attaşe bildirib ki, 2011-ci ildən etibarən Azərbaycanda ən müasir hərbi avadanlıq, texnika və döyüş sursatı istehsalı başlanıb. Azərbaycan ordusunun hərbi qulluqçuları beynəlxaql sülhyaratma missiyalarının tərkibində Kosovo, Əfqanıstan və İraqda xidmət keçiblər. Hərbi attaşe çıxışın sonunda deyib: “Azərbaycan ordusu onun qarşısına qoyulmuş istənilən vəzifəni yerinə yetirməyə qabildir. Bu gün Azərbaycanın işğal edilmiş ərazilərində bizim məhv edə bilməyəcəyimiz heç bir hərbi və ya strateji hədəf yoxdur. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularının reytinqində ən yüksək yerlərdən birini tutub. Ordumuzun döyüş qüdrəti lazımi səviyyədədir və günbəgün artır. 1990-cı illərdəkindən fərqli olaraq bu gün düşmənin qarşısında hazırlıqlı və güclü ordumuz dayanır, bu ordu üçün mövcud status-kvonu Azərbaycanın xeyrinə dəyişmək çətin deyil”.