YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçenov Universitetinin Bakı filialında akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında (Seçenov Universiteti) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib.

Tədbirdə Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva, İllinoysk universitetinin oftalmologiya kafedrasının müdiri, professor Mark Rozenblat, Münxen Texniki Universitetinin tibb fakültəsinin dekanı, professor Yurqen Qşvend iştirak ediblər.

Konfransın açılışında çıxış edən filialın rektoru Əziz Əliyev Azərbaycanda oftalmologiyanın inkişafında Zərifə Əliyevanın müstəsna xidmətlərini xatırladıb. Onun 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilməsi uzun illər elmi-tədqiqat sahəsində məhsuldar fəaliyyətinin və böyük xidmətlərinin nəticəsi idi. Rektor, həmçinin Zərifə Əliyevanın elmi-pedaqoji kadrların hazırlanmasında, peşə fəaliyyəti ilə bağlı olan göz xəstəliklərinin tədqiqində və müalicəsində xidmətlərini vurğulayıb. “Peşə xəstəlikləri oftalmologiyası əsası Zərifə xanım tərəfindən qoyulan yeganə elmi istiqamət deyil. O, alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk tədqiqatçı və "İridodiaqnostikanın əsasları" adlı fundamental elmi əsərin müəlliflərindən biri idi”, - deyə professor Əziz Əliyev qeyd edib.

Professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri bölməsi haqqında da məlumat verib. Alim, qırtlağın çıxarılmasından sonra xəstəyə sərbəst danışmağa imkan verən xüsusi qurğunun tətbiqi praktikasını nümayiş etdirib. Üz şişinin bir neçə variantından danışan professor qeyd edib ki, vaxtında diaqnoz qoyulması və düzgün müalicə ağır fəsadların qarşısını alır.

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva “Azərbaycanda müasir oftalmologiyanın inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, respublikanın sənaye müəssisələrində çalışan işçilərin peşə ilə bağlı görmə orqanının zədələnməsinin tədqiqi 1970-ci illərin əvvəlində Zərifə Əliyevanın elmi fəaliyyətinin yeni istiqaməti olub. Zərifə Əliyeva görmə orqanının peşə ilə bağlı patologiyası sahəsində bir sıra elmi əsərlərinə görə SSRİ Elmlər Akademiyasının M.Averbax mükafatına layiq görülüb. 2001-ci ildə Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna akademik Zərifə Əliyevanın adı verilib.

Həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti, Mərkəzin Gəncə və Masallıda mobil klinikaları və regional filialları haqqında məlumat verilib.

Sonra professor Əziz Əliyev konfrans iştirakçılarına xarici qonaqları – İllinoysk Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Mark Rozenblatı və Münxen Texniki Universitetinin tibb fakültəsinin dekanı, professor Yurqen Qşvendi təqdim edib. Onların iştirakı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə İllinoysk Universitetinin və Münxen Texniki Universitetinin tibb fakültələri arasında filialın tələbələrinin həmin universitetlərdə klinik rotasiya keçməsinə dair müqavilə imzalanıb.

Tədbir Mark Rozenblatın çıxışı ilə davam edib. O qeyd edib ki, İllinoysk Universitetinin tibb fakültəsi ilə Seçenov universitetinin Bakı filialı arasında bağlanan müqavilə əməkdaşlığın genişləndirilməsi üçün əla bazadır və Bakı filialının tələbələrinə dünyanın ən yaxşı klinikalarında rotasiya keçmək üçün unikal imkan yaradır. Sonra professor Rozenblat gözün buynuz qişası, keratoplastika və keraprotezin implantasiyası haqqında məlumat verib. Bunların hamısının donor buynuz qişanın köməyilə həyata keçirildiyini bildirən professor slaydlar vasitəsilə buynuz qişanın köçürülməsi prosesini nümayiş etdirib.

Sonra çıxış edən professor Yurqen Qşvend Münxen Texniki Universitetinin tibb fakültəsi ilə Seçenov Universitetinin Bakı filialı arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edilib ki, filialın ilk tələbələri artıq Münxen universitetinin klinikasında olublar. Müxtəlif ixtisaslar üzrə klinik rotasiyalar tələbələrə dünyanın ən yaxşı universitetlərində zəngin klinik təcrübə keçməyə imkan verəcək.